Bank Of Baku

Azərbaycanda işsizlərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı təsdiqlənib

Azərbaycanda işsizlərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı təsdiqlənib
# 22 fevral 2011 13:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nı təsdiqləyib. Proqramda məşğulluq orqanlarına müraciət edən vətəndaşların münasib işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərə cəlb edilməsi nəzərdə tutulur.

«APA-Economics»in məlumatına görə, sənədə əsasən, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş, eləcə də cəzaçəkmə müddətinin bitməsinə az qalmış şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək bazarının öyrənilməsi və təhlil edilməsi üzrə yeni mütərəqqi metodologiyanın işlənilməsi sahəsində elmi tədqiqat işlərinin aparılması planlaşdırılır. Bu il respublikanın şəhər və rayonlarında iş axtaran və işsiz vətəndaşlara xidmətin yeni mütərəqqi texnologiyalara əsasən qurulması, əmək yarmarkaları və əmək birjalarının keçirilməsi nəzərdə tutulur. Bundan başqa, psixoloji məsləhət və peşəyönümü kabinetləri, eləcə də fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin istehsalat bazaları təkmilləşdiriləcək.

Həmçinin, 2011-ci ildə məşğulluq xidməti orqanları tərəfindən əhalinin məlumatlandırılması üçün reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması üzrə işlər davam etdiriləcək.

Proqramın tədbirlər planında nəzərdə tutulan işlərə 6 mln. manat ayrılması nəzərdə tutulub. Bunun böyük hissəsi (4,35 mln. manat) işsizlik müavinətinin verilməsinə sərf ediləcək. Bu il məşğulluq xidmətləri tərəfindən peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkilinə 1 mln. manatdan artıq vəsait ayrılıb. Haqqı ödənilən ictimai işlərə 214 min manat, işsizlər üçün yeni məsləhət xidmətlərinin təşkili, əmək birjalarının fəaliyyətlərinin artırılması, yeni texnologiyaların tətbiqi, təbliğat-təşviqat və əmək yarmarkalarının keçirilməsinə isə ümumilikdə 390 min manat ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR