Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 7 saylı internat evinə baş çəkiblər

Ombudsman Aparatının əməkdaşları 7 saylı internat evinə baş çəkiblər
# 28 fevral 2011 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsmanın işgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Saray qəsəbəsindəki Əqli qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi uşaqlara qarşı kobud rəftar hallarını müəyyən etmək, internat evi sakinlərinin yaşayış şəraitini, qidalanmasını və müalicə vəziyyətini öyrənməkdən ibarət olub. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş internat evinin istilik və təhlükəsizlik sistemi qaydaya salınıb. Yataq korpusları, oyun, idman, musiqi, əmək otaqları, fizioterapiya kabinetləri, yeməkxana və mətbəx Avropa standartlarına uyğun təmir və müasir avadanlıqla təchiz edilib, müəssisənin həyətyanı sahəsində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, uşaqların istifadəsinə hovuz verilib. Müəssisə sakinlərinin yaşadıqları otaqlarda sıxlığın normal olduğu, gigiyenik normalara riayət edildiyi müşahidə olunub. Baxış zamanı internat evinin direktoru, müəllimlər və tərbiyəçilər tərəfindən uşaqlara qarşı hər hansı bir kobud rəftara yol verilmədiyi müəyyənləşdirilib.

Müəssisənin işinin, uşaqların saxlanması və onlara göstərilən xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə ƏƏSMN-nə müraciət olunub. Hazırda bu internat evi 1978-ci ildə Azərbaycan SSR Sosial Təminat Nazirliyinin təsdiq etdiyi və rus dilində nəşr olunmuş "Uşaq əlillər internat evi haqqında" Əsasnamə ilə fəaliyyət göstərir. Həmin Əsasnamənin müasir standartlara əsasən yenisi ilə əvəz olunması, uşaq internat evlərinə təyinatın bu nazirlik tərəfindən həmin müəssisələrin əsasnaməsinə və profilinə uyğun şəkildə aparılması və saxlanma normalarına uyğunlaşdırılması tövsiyə edilib. Müəssisənin strukturuna tam ştat vahidi ilə terapevt, nevropatoloq, psixiatrların əlavə edilməsi, tibb bacılarının, sanitar tibb işçilərinin, dayələrin daha yaxşı əmək haqları ilə təmin olunması ilə bağlı səlahiyyətli qurumlar qarşısında vəsatət qaldırılması da tövsiyə olunub. Yaşayış şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə də müvafiq məsləhətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR