Bank Of Baku

Goranboyda qədim kərpic kürəxanası, orta əsr yaşayış yerinin qalıqları və qəbristanlıq aşkarlanıb

Goranboyda qədim kərpic kürəxanası, orta əsr yaşayış yerinin qalıqları və qəbristanlıq aşkarlanıb
# 04 mart 2011 12:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyası və AMEA Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsinin əməkdaşları Gəncə və onun ətrafında arxeoloji kəşfiyyat işləri apararkən Gəncə yaxınlığında - Goranboy rayonunun Kələk kəndi ərazisində nəhəng kərpic kürəxanası, orta əsr yaşayış yerinin qalıqları və qəbristanlıq aşkarlayıblar. Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov APA-ya bildirib ki, yaxın vaxtlarda həmin ərazidə geniş arxeoloji tədqiqat işlərinə başlanacaq.

A. Məmmədov deyib ki, ilkin olaraq kürəxananın XII-XIII-əsrlərə aid olduğunu söyləmək olar. Kürəxananın hələlik 4 yarusu təmizlənib, ancaq torpaq altında qalan təmizlənməmiş yaruslar da var. İlkin ehtimala görə, burada Gəncəni və onun yaxınlığında yerləşən Şutur qalasını tikinti kərpicləri ilə təmin edən iri sənətkarlıq emalatxanası mövcud olub. Alimin sözlərinə görə, ərazidən Korçayın qolu olan Kələk çayının keçməsi, torpağının gilli olması, yanacaq üçün meşə materialının zənginliyi kərpic emalatxanasının məhz həmin ərazidə tikilməsinə zərurət yaradıb: “Torpağı uzaq məsafəyə daşımaqdansa, hazır məhsulun daşınması daha ucuz başa gəldiyindən emalatxana xammal mənbəyinə yaxın ərazidə tikilib. Bu cür kərpiclərdən qala divarlarının, həm körpülərin, qəbirüstü abidələrin, yaşayış evlərinin tikintisində və s. istifadə edilib. Şəhəri su ilə təmin edən su tünglərinin mühafizəsində, su arxlarının çəkilməsində, küçələrin döşənməsində də bu kərpiclərdən istifadə olunub. Gəncə və onun ətrafında kərpic emalatxanasının olması haqqında Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” əsərində də məlumat verilir”.

A. Məmmədovun fikrincə, abidənin Gəncənin intibah dövrü sənətkarlığının öyrənilməsi baxımından elmi əhəmiyyəti böyükdür və Azərbaycanda indiyədək məlum olmayan ən böyük kürəxanadır. Abidənin tədqiqatı başa çatdıqdan sonra onun Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə gələcəkdə mühafizəsi və turizm məqsədilə istifadəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR