Bank Of Baku

Gələn ildən Azərbaycanda ünvanlı sosial yardım ailələrə yeni formada veriləcək

Gələn ildən Azərbaycanda ünvanlı sosial yardım ailələrə yeni formada veriləcək
# 09 mart 2011 13:22 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya bildirib ki, 2012-ci ildən ünvanlı sosial yardım proqramı ilə yanaşı, bütün respublika ərazisində yeni «Özünüdəstək» ünvanlı sosial yardım proqramı da həyata keçiriləcək. Bu ilin sonuna kimi bununla bağlı hüquqi baza hazırlanacaq.

«Özünüdəstək» proqramının əsas məqsədi yardım alanlar arasında daha yoxsul olan ailələri aktivləşdirmək, ailələrin gəlirləri və iqtisadi potensialına fərdi yanaşmaqla, onların daxili resurslarının aktivləşməsinə dəstək verməkdir: «Yardım alanlarının 30%-dən çoxu 2006-cı ildən indiyədək yardım almaqda davam edir. Biz ilk növbədə həmin ailələrlə iş aparmalıyıq. Çünki artıq onların yoxsulluq tələsinə düşmək ehtimalı var. Bu proqram da həmin ailələri aktivləşdirmək üçün həyata keçirilir».

N.Qasımov deyib ki, «Özünüdəstək» proqramı ilə ailələrin şəxsi yardımçı təsərrüfatları, eyni zamanda bərbər xidmətlərinin göstərilməsi, təmir işləri, dərziçilik, xalq sənətkarlığı, arıçılıq, mebellərin hazırlanması və digər xidmət sahələrinin inkişafına yardım göstəriləcək. Bu yardım ünvanlı sosial yardım üçün dövlət büdcəsindən ayrılmış vəsait daxilində ailələrə ayrılacaq. Proqramda yalnız ünvanlı sosial yardım alan ailələr iştirak edəcəklər. Seçim zamanı əsasən çoxuşaqlı və əlil üzvü olan ailələrə üstünlük veriləcək. Bu ailələr layihədə iştirak üçün təyin olunmuş meyarlara uyğun hazırlanmış biznes planlarını təqdim etməlidir. Layihə çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsait hesabına ailəyə təyin edilmiş ünvanlı sosial yardımın təxminən bir illik məbləği miqdarında birdəfəlik yardım veriləcək. Layihə icraya başlandıqdan sonra 12 ay ərzində 3 ayda bir dəfə olmaqla, ailələrdə layihənin monitorinqi həyata keçiriləcək. Monitorinqin nəticələrinə görə, 1 ailə proqramda 1 il iştirak edəcək. Zərurət yaranarsa, bu müddət 6 və ya 12 ay uzadıla bilər.

Hazırda orta aylıq ünvanlı sosial yardımın məbləğinin 108 manat olduğunu deyən N.Qasımov bildirib ki, artıq «Özünüdəstək» proqramı Tovuzun Vahidli kəndində sınaqdan keçirilməyə başlanılıb. Apreldən isə proqramın Masallı, İsmayıllı və Quba rayonlarında sınaqdan keçirilməsinə başlamaq nəzərdə tutulub. Bu rayonların hər birindən 20 ailə olmaqla, ümumilikdə 60 ailə layihədə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR