Bank Of Baku

Cəlilabad rayonunda orta əsrlərə aid yaşayış məskəni aşkar edilib

Cəlilabad rayonunda orta əsrlərə aid yaşayış məskəni aşkar edilib
# 14 mart 2011 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Cəlilabad rayonunda orta əsrlərə aid Qoşatəpə yaşayış məskəni aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevin APA-ya verdiyi məlumata görə, abidə Ələt-Astara magistral yolunun 260-cı km-də, Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yerləşir. Yaşayış yeri Uzuntəpə kəndindən 2 km şimalda, əkin və otlaq sahələrinin arasındadır. Cənub-qərb tərəfindən böyük arx, şimal-şərq tərəfindən kanal keçir.
A. Quliyev deyib ki, abidənin Qoşatəpə adlanması eyni yerdə bir-birinə yaxın iki təpənin olması ilə bağlıdır. Yaşayış yerindən biri sahəsi təqribən 1,5 ha olan ərazini əhatə edir. Abidənin tən yarı hissəsi dəmyə əkin sahəsinə çevrilib, digər hissəsi də təsərrüfat üçün münbit torpaq kimi dağıdılaraq götürülür. Yaşayış yerinin dağıdılmış hissəsinin en kəsiyində mədəni təbəqə aydın müşahidə edilir. Belə ki, qırmızı rəngli yanmış təndir və yaxud kül qatışıqlı ocaq izləri, təsərrüfat quyuları, heyvan sümükləri ətrafa səpələnib. Yaşayış yerinin üstü bütünlüklə orta əsrin şirli və şirsiz saxsı məmulatı ilə örtülüdür. Yerüstü materiallar qismində çoxlu sayda saxsı məmulatları götürülüb. Təsərrüfat işləri zamanı yaşayış məskəninin ərazisindən içərisində sikkələr olan küp aşkar edilib. Aşkar edilmiş dəfinədən 26 ədəd mis sikkə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilib. Sikkələr Atabəylər dövrünə (XII-XIII əsrlər) aid edilir.

Uzuntəpə kəndinin içərisində də kurqan və yaşayış məskənlərinə rast gəlinir. Dəmir dövrünə aid bu kurqanların üzərində orta əsrlərə aid yaşayış məskəninin izləri var. Kurqanın üzərində orta əsrin müdafiə qurğularının qalıqları indi də nəzərə çarpır. XI-XIII əsrlərə aid olduğu güman edilən abidələrin mühafizəsi üçün Mədəniyyət və Turizm Nazirliyinə rəsmi məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR