Bank Of Baku

Rektor: “Azərbaycan Memarlıq və İnşaat Universitetində neqativ hərəkətlərə yol verən müəllimlər işdən uzaqlaşdırılıblar”

Rektor: “Azərbaycan Memarlıq və İnşaat Universitetində neqativ hərəkətlərə yol verən müəllimlər işdən uzaqlaşdırılıblar”
# 15 mart 2011 08:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Hazırda ölkəmizdə rüşvətxorluq və korrupsiya və bu kimi digər qeyri-qanuni hallara qarşı barışmaz mübarizə prosesini yüksək qiymətləndirirəm. Əminəm ki, bu siyasət ardıcıl həyata keçiriləcək və uğurlu nəticələr verəcək. Çünki bu məsələdə ölkə başçısı çox böyük iradə ortaya qoyub və dövlət strukturları da ciddi şəkildə fəaliyyət göstərirlər”. APA-nın xəbərinə görə, bunu YAP-ın saytına müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru, deputat Gülçöhrə Məmmədova deyib. O, rəhbərlik etdiyi ali məktəbdə bu cür qanunsuz hallara qarşı mübarizə apardıqlarını da bildirib: “Hesab edirəm ki, artıq şəffaflığın təmin olunmasında müəyyən nailiyyətlərimiz var. Biz çalışırıq ki, tələbələrlə tez-tez açıq görüşlər keçirək və onların problemlərini özlərindən dinləyək, tələbələrimizlə aramızda etimad mühiti yaradaq. Rektorat həmişə oxuyan tələbələrə hər cür yardım göstərir, ədalətsizliklərlə mübarizə aparır. Son dövrlər isə bu istiqamətdə daha ciddi tədbirlər görməyə başlamışıq. Neqativ hərəkətlərə yol verən, müəllim-tələbə münasibətlərini pozan müəllimlər işdən uzaqlaşdırılıblar”.

G. Məmmədova AMİU tələbələrinin kompüter biliklərinin artırılması üçün müxtəlif istiqamətli tədbirlər gördüklərini də deyib: “Ümumiyyətlə bu gün ölkəmizdə bu sahədə çox ciddi inkişaf müşahidə edilməkdədir. Amma bir sıra problemləri də mütləq qeyd etməliyik. Məsələn, bəziləri, xüsusilə, gənclər kompüterə bir əyləncə vasitəsi, boş vaxtını keçirmək üçün alət kimi baxır. Onların kompüterə, internetə həddən artıq aludəliyi müəyyən psixi pozuntulara səbəb olur. Xüsusilə, zəif dünyagörüşlü gənclərimiz internetin əsirinə çevrilirlər. Onlar müxtəlif təbliğatların, təxribatların qurbanına çevrilə bilər, bunu da yolverilməz sayıram. Bu gün dünyada informasiya müharibəsi gedir və böyük dövlətlər öz siyasətini həyata keçirmək üçün, başqa dövlətlər daxilində təxribatlar törətmək məqsədilə də İnternet məkanından ustalıqla istifadə edirlər. Hər birimiz bu hallara qarşı ayıq-sayıq olmalıyıq. Bunun üçün isə internetdən, informasiya məkanından məqsədyönlü şəkildə, öz inkişafımız üçün və Azərbaycan həqiqətlərini, Qarabağ problemini, xalqımızın mədəniyyətini və tarixini dünyaya çatdırmaq üçün istifadə etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR