Bank Of Baku

Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin genişlənmiş toplantısı keçirilib

Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin genişlənmiş toplantısı keçirilib
# 06 aprel 2011 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin genişlənmiş toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən birliyin sədri Zəlimxan Yaqub bildirib ki, bu il Aşıq Ələsgərin anadan olmasının 190 illiyi ilə əlaqədar “Aşıq Ələsgər ili” elan olunub. Bununla bağlı il ərzində bir neçə silsilə tədbirlər keçiriləcək: “Aşıq sənətinin dünya miqyasında və Azərbaycanda lazımınca təmsil olunması ilə bağlı müxtəlif təbliğat üsullarından istifadə eləmək lazımdır. Bugünkü tədbirin əsas mahiyyəti də yeni istedadların axtarışıdır. Aşıq sənəti öz keçmiş klassik şöhrətini bərpa eləməlidir. Yaxın zamanlarda Filarmoniyada “Sarı Aşıq işığında” adlı Laçın aşıqlarının konserti keçiriləcək. Bundan sonra “Dədə Şəmşirin yetirmələri” adlı Kəlbəcər aşıqlarının tədbirini, Şəkidə “Molla Cümə günləri” keçirəcəyik. Bununla da bütün zonalarda yeni istedadları üzə çıxarmaq istəyirik”.

Z. Yaqub deyib ki, aşıq sənətini beynəlxalq miqyasda təmsil etmək üçün gənc istedadlara böyük ehtiyac var: “Azərbaycanın bütün zonalarında çox güclü saz potensialı var. Bütün rayonlarda mədəniyyət şöbələrinin rəhbərləri ilə əlaqə saxlayırıq. Bu sənətin hər bir rayonda vurğunları var. Bu istedadları tapmaq üçün xalq özü də bizə kömək etməlidir”. Birlik sədrinin sözlərinə görə, Azərbaycanda aşıq sənəti ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: “Amma hələlik biz bu müsabiqəyə hazır deyilik. Müsabiqənin ciddi şərtləri var. Həm də muğamla aşıq sənətini müqayisə etmək düzgün deyil. Muğam yüz illərlə şəhərdə oturuşmuş bir sənətdir. Amma aşıq sənəti şəhərə yeni gəlib. Biz onu oturuşmuş sənət səviyyəsinə qaldırmaq üçün böyük təşkilati işlər görməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR