Bank Of Baku

Şəkərli diabet üzrə dövlət tədbirlərinin icrası üçün tələb olunan maliyyə vəsaiti Səhiyyə Nazirliyinin sərəncamına veriləcək

Şəkərli diabet üzrə dövlət tədbirlərinin icrası üçün tələb olunan maliyyə vəsaiti Səhiyyə Nazirliyinin sərəncamına veriləcək
# 08 aprel 2011 13:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda “Şəkərli diabet xəstələrinə dövlət qayğısı yetərincədirmi?” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov bildirib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın icrası, eyni zamanda Heydər Əliyev Fondunun diqqəti nəticəsində şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərmanlarla təminatında irəliləyiş var.

A. Muxtarov deyib ki, Səhiyyə Nazirliyi bu qanun və dövlət proqramı əsasında öz fəaliyyətini genişləndirib, şəkərli diabet xəstələrinin əksəriyyətini qanda şəkərin miqdarını göstərən qlükometr cihazı ilə təmin edib: “Lakin bu təminat tələbatın 50-70%-ni təşkil edir. Bunun əsas səbəbi odur ki, dövlət proqramı əsasında ayrılmış maliyyə vəsaiti şəhər və rayonların yerli büdcəsində əriyərək heç də tam miqdarda ünvanına çatdırılmır. Digər tərəfdən, hər ilin əvvəlində bu rayonların mərkəzi xəstəxanalarının dərman və digər tibbi ləvazimatının alqı-satqısı üzrə keçirdikləri tenderlərdə farmaseptik firmalarla bilavasitə istehsalçıdan mal alanlar deyil, “əldən-ələ” alver əməliyyatı keçirən depo və apteklər iştirak edir. Nəticədə insulin və şəkərsalıcı dərmanlar Bakı şəhərindəki adi diabet apteklərində satılan qiymətdən 2 dəfə baha qiymətə alınır. Belə əməliyyatlar nəticəsində ölkənin bir çox şəhər və rayonlarındakı şəkərli diabet xəstələri onlara tələb edilən miqdarda dərman almadıqları üçün haqlı olaraq bizim cəmiyyətə şikayət edirlər”.

A. Muxtarovun sözlərinə görə, Azərbaycan Diabet Cəmiyyəti bu problemlər barədə Milli Məclisə, Səhiyyə və Maliyyə nazirliklərinə, Dövlət Hesablama Palatasına müraciətlər edib və tövsiyələr verib. Bu müraciətlər nəticəsində artıq “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda tədbirlərin reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək: “Bu, o deməkdir ki, 2012-ci ildən başlayaraq şəkərli diabet üzrə dövlət tədbirlərinin həyata keçirilməsi üçün müəyyən ediləcək maliyyə vəsaiti bütünlüklə mərkəzləşdirilmiş halda Səhiyyə Nazirliyinin sərəncamına veriləcək. Nazirlikdə hər bir şəhər və rayon üzrə diabet xəstələrinin dəqiq statistik məlumatları var. Şübhəsiz ki, bu məlumatlara istinad edərək nazirlik hər bir şəhər və rayon mərkəzi xəstəxanaları üçün tələb olunan insulin və digər şəkərsalıcı dərmanları alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR