Bank Of Baku

Hadı Rəcəbli: “Azərbaycanda 2006-cı ildən əvvəl pensiyaya çıxan professor 2006-cı ildən sonra pensiyaya çıxan müəllimdən az pensiya alır”

 Hadı Rəcəbli: “Azərbaycanda 2006-cı ildən əvvəl pensiyaya çıxan professor 2006-cı ildən sonra pensiyaya çıxan müəllimdən az pensiya alır”
# 13 aprel 2011 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan prezidentinin göstərişinə əsasən ölkədə 2006-cı ilə qədər pensiyaya çıxanlarla 2006-cı ildən sonra pensiyaya çıxanların aldıqları pensiyaların məbləği arasındakı kəskin fərq aradan qaldırılacaq.

Bu barədə “APA-Economics”ə ötən gün Nazirlər Kabinetində dövlət başçısının pensiyaçıların təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqları şərh edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, bu məsələ 2006-cı ildən cəmiyyətdə bu mövzu geniş müzakirə olunur və ödənişlərdə olan kəskin fərq haqlı iradlara səbəb olurdu: “Bu məsələ ondan ibarət idi ki, 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya ödənişləri 2006-cı ildən sonra çıxanların pensiya ödənişlərindən bəzən hətta 70-100% fərqlənirdi. Bu, özünü əsasən müəllimlərin pensiya təminatında kəskin şəkildə göstərirdi. Məsələn, 2006-cı ildən əvvəl pensiyaya çıxan professor 2006-cı ildən sonra pensiyaya çıxan müəllimdən az pensiya alır”.

Prezidentin tapşırığından sonra həm hökumətdə, həm də qanunvericilik orqanında işlərin başladığını deyən H.Rəcəblinin sözlərinə görə, yaxın vaxtlarda 2006-cı ilədək pensiyaya çıxmış insanlara verilən ödənişlərdə kəskin artım olacaq: “Bu, son zamanlar sosial müdafiə sahəsində atılan ciddi addımlardan biridir. Mən şəxsən bu problemlə tez-tez rastlaşırdım, bu sahədə müəyyən bürokratik əngəllərlə üzləşirdik. Vəsait çatışmazlığı və s. kimi çoxsaylı bəhanələr gətirilirdi. Nəhayət, dövlət başçısı dünən buna son qoydu və təxminən yarım milyard manata yaxın maliyyə tutumu olan sosial müdafiə yönümlü ciddi bir addım atıldı. Mən şəxsən peşəkar siyasətçi və sosial problemlərlə məşğul olan mütəxəssis kimi dövlət başçısının bu addımını çox cəsarətli və müdrik hesab edirəm. Bu bir daha onu göstərdi ki, İlham Əliyevin dövlət quruculuğu modelində insan amili öndə gedir ”.

Komitə sədri dövlət başçısının bu göstərişinin pensiya alan 1 mln. 300 min nəfərin 900 min nəfərdən çox hissəsinə şamil olunacağını vurğulayıb.

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyalarının artırılması tapşırığını verib. Bu sahədə müəyyən ədalətsizlik olduğunu deyən prezident bildirib ki, 2006-cı ildən sonra tətbiq olunmuş yeni qaydalara əsasən 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR