Bank Of Baku

Yuri Naqornıx: “Azərbaycanla Rusiya böyük idman turnirlərinə müştərək şəkildə ev sahibliyi edə bilər”

Yuri Naqornıx: “Azərbaycanla Rusiya böyük idman turnirlərinə müştərək şəkildə ev sahibliyi edə bilər”
# 14 aprel 2011 11:37 (UTC +04:00)
Bakı. Habil Süleymanov-APA. Bu gün Bakıda MDB dövlətlərinin gənclər və bədən tərbiyəsi sahəsinə məsul nazirlik və idarələrin toplantısı öz işinə başlayıb. İki gün davam edəcək iclasda idman və gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin qəbul edilmiş qərarların icrası vəziyyəti müzakirə edilir. Birliyə daxil olan ölkələrin rəsmiləri beynəlxalq səhnədə müştərək tədbirlərin keçirilməsi məsələsinə də toxunublar. Belə ki, son illər müxtəlif Avropa dövlətlərinin iri beynəlxalq idman yarışlarını müştərək qaydada keçirməsi təcrübəsi tətbiq olunmağa başlayıb. Rusiyanın gənclər siyasəti, idman və turizm nazirinin müavini Yuriy Nagornıx APA-ya açıqlamasında MDB ölkələri arasında oxşar əməkdaşlıq ideyasını bəyəndiyini deyib: “Azərbaycanla Rusiyanın böyük idman turnirlərinə müştərək şəkildə ev sahibliyi etməsi fikri müsbət qarşılanmalıdır. Elə idman növləri var ki, həm Rusiya, həm Azərbaycanda populyardır. Misal üçün, güləş, bədii gimnastika, alpinizm və sairə. Belə bir yarışmanın birinci mərhələsini Azərbaycanda, ikinci mərhələsini isə Rusyada təşkil etmək olardı. Avropada belə təcrübə artıq mövcuddur”.

Son illər Azərbaycanda narahatlıqla qarşılanan tendensiyalardan biri Rusiyada, xüsusən də gənclər arasında, ifrat millətçiliyin, geniş vüsət almasıdır. APA-nın “Rusiya hökuməti ksenofobiyanı cilovlamaq üçün hər-hansı tədbirlər görürmü?” sualına cavabında Yuriy Nagornıx bildirib ki, bu istiqamətdə xüsusi proqram qəbul edilib: “Gənclərin radikal ideyalara üz tutması işsizlik, narkomaniya və digər sosial problemlərdən qaynaqlanır. İşsüz-gücsüz gənc günahı digər xalqların nümayəndələri ilə haqq-hesab çürütməkdə görür. Biz 2020-ci ilə kimi dövlət gənclər strategiyasını qəbul etmişik və bu sənəd iş yerlərinin yaradılmasını, gənclərin idmana cəlbini və asudə vaxtının təşkilini ehtiva edir. Biz anlayırıq ki, Azərbaycan və digər MDB ölkələrində Rusiyadakı millətlərarası münasibətlərin bəzi cəhətlərindən narahatlıq var. Amma sizi əmin edə bilərəm ki, Rusiya hökuməti bu problemi kökündən çözmək istiqamətində ciddi səylər göstərir”.

Yuriy Nagornıx həmçinin bildirib ki, son zamanlar Azərbaycanda idmanın inkişafı tempi Rusiyada heyranlıqla qarşılanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR