Bank Of Baku

Səlim Müslümov: “Staja görə pensiyanı yenidən hesablayacaq və onu indiki məbləğlə müqayisə edəcəyik”

Səlim Müslümov: “Staja görə pensiyanı yenidən hesablayacaq və onu indiki məbləğlə müqayisə edəcəyik”
# 14 aprel 2011 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Hazırda ölkədəki 1 milyon 290 min pensiyaçının 675 mini minimum, yəni 85 manat pensiya alır. Qərar belə oldu ki, həmin insanların hamısının pensiyası 2006-cı ilədək olan stajları əsasında yenidən hesablansın. Biz stajlara görə pensiyanı yenidən hesablayacağıq və onu indi aldığı məbləğlə müqayisə edəcəyik. Əgər pensiyaçının indi aldığı məbləğ çoxdursa, onda həmin məbləği qalacaq”. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ölkə prezidentinin pensiyaların hesablanması ilə bağlı verdiyi tapşırıqdan sonra görülən işlər haqqında danışarkən deyib.

S.Müslümov bildirib ki, 2009-2015-ci illər üzrə sığorta pensiya sisteminin inkişafı haqqında Dövlət Proqramında da əvvəlki sistemlə pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləği arasında olan fərqi aradan götürülməsi nəzərdə tutulur. Hazırda əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiyasının məbləği 102 manatdır, 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 150 manatdır: “Biz bunların hamısını vahid sistemlə etməliyik. Prezident də tapşırdı ki, vahid prinsip əsasında pensiya təyinatı aparılsın. 2006-cı ilin 1 yanvarınadək 900 min insan pensiyaya çıxıb”.

S.Müslümovun sözlərinə görə, hazırda pensiyanın hesablanması zamanı 3 element - pensiyanın baza hissəsi, 2006-cı ilədək hər il üçün 1 manat 93 qəpik hesablanmaqla staj, 2006-cı ildən sonra fərdi hesablarda toplanan sığorta haqqı əsas götürülür. 2006-cı ilədək pensiya çıxanların pensiyası hesablanarkən isə son 2 ilin əmək haqqı əsas götürülüb. Amma həmin illərdə əmək haqqı çox aşağı olduğu üçün pensiya çıxanların böyük hissəsi minimum pensiya alıb: “900 min insanın hər birinə fərdi yanaşma olacaq. İlkin hesablamalara görə, bu yeniliyin reallaşmasına böyük vəsait tələb olunacaq. Bunun üçün 1 il ərzində 400 milyon manata yaxın vəsait lazım olacaq. Ancaq bunun həyata keçirilməsi müəyyən vaxt aparacaq. Bunun üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. Artıq bu istiqamətdə işlərə başlamışıq. Yaxın günlərdə bunu Nazirlər Kabinetinə təqdim edəcəyik. Qanuna dəyişiklik ediləndən sonra bunu reallaşdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR