Bank Of Baku

AMEA-da Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüş keçirilib

AMEA-da Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüş keçirilib
# 15 aprel 2011 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsinin dekanı Sergey Karpovla görüş keçirilib. APA-nın məlumatına görə, AMEA-nın prezidenti Mahmud Kərimov deyib ki, S. Karpovun səfərində məqsəd Azərbaycanla birgə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

M. Kərimov bildirib ki, S. Karpovun Azərbaycanda tarix elminin inkişafında böyük xidmətləri olub: “Karpov hər şeydən əvvəl Azərbaycanın böyük dostudur. Tarix elmi üzrə Azərbaycan üçün kadrların hazırlanmasında onun xidmətləri əvəzsizdir. Təkcə onu demək kifayətdir ki, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və AMEA-da çalışan onlarla insan onun yetirmələridir”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bəyan edib ki, S. Karpov Azərbaycan tarixinin prinsipial məsələlərində həmişə Azərbaycanın yanında olub: “Onun mövqeyi elmi, obyektiv, azərbaycançı mövqedir. Uzun illər tarixdə mövcud olmuş böyük Azərbaycan dövlətləri Azərbaycana aid edilməyib. Bir zamanlar Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin Azərbaycana aid olduğunu deyəndə Azərbaycanın özündə təzyiqlərə məruz qalırdıq. Məhz Sergey Karpovun səyi nəticəsində MDU-nun tarix fakültəsinin elmi şurasında bu dövlətlərin Azərbaycana məxsus olduğu sübuta yetirilib”.

Görüşün sonunda S. Karpova Azərbaycan tarix elminin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın və Tarix İnstitutunun fəxri doktorları diplomları və qiymətli hədiyyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR