Bank Of Baku

Həmkarlar İttifaqı: Azərbaycan Dövlət Neft Şirkətinin işçilərinin sayı tələbatdan çoxdur

Həmkarlar İttifaqı: Azərbaycan Dövlət Neft Şirkətinin işçilərinin sayı tələbatdan çoxdur
# 18 aprel 2011 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Azərbaycan Dövlət Neft Şirkətində bu gün işçilərin sayı tələbatdan daha çoxdur. Kadrların çoxluğu isə müəyyən qədər problem yaradır”. Bunu APA-ya Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK) sədri Cahangir Əliyev deyib.

Onun sözlərinə görə, hazırda Neft Şirkətində işləyən işçilərin yaşı orta yaş səviyyəsindən yuxarıdır: “Bir müddət əvvəl pensiya yaşına çatan işçilərin gənclərlə əvəzlənməsi məsələsi qalxanda orada da müəyyən narazılıqlar yarandı. Başa düşmək lazımdır ki, neft-qaz ağır sənayedir. Bu sahədə yaşlı işçilərin çalışması müəyyən fəsadlar verir. Heç kəs könüllü olaraq öz işindən çıxıb gedən deyil. Ona görə də insanların daha çox təqaüd yaşına çatdığına görə işdən çıxacağı gözlənilir”.

Komitə sədri bildirib ki, neft-qaz sahəsində çalışan işçilərin sayının tələb olunandan çox olması sovetlər dövründən qalıb: “Sovet dövründə əhalinin işlə təminatı üçün normativ ştat vahidləri daha çox idi. Yeni texnologiyaların tətbiqi sayəsində indi həmin ştatların bəzilərinə ehtiyac qalmayıb. Amma bu ştatların ləğvi üçün addımlar atılmayıb. Neft Şirkəti də bu gün dövlət şirkəti olduğu üçün bu prinsiplə hələ yaşamır”.

HİRK sədrinin dediyinə görə, vaxtaşırı iş yerlərində attestasiyalar keçirməklə bu sahədə olan boşluqlar üzə çıxarılır. Bununla yanaşı, kütləvi şəkildə işə qəbul olunmanı dayandırmaqla müəyyən qədər işçilərin sayı azaldılıb. Hazırda yalnız tələb olunan ştatlar üzrə işçi qəbulu aparılır: “Hansı yerə işçi tələb olunmursa, o yer ixtisara düşməlidir. Bu baxımdan bu işlər görülür. Neft Şirkətində və onun struktur bölmələrində işçi tərkibi tədricən optimal formaya yaxınlaşmalıdır”.

C.Əliyev hesab edir ki, bu sahədə də daha çox gənclərin işləməsi lazım olsa da, sadalanan problem gənclərin neft-qaz sahəsində işə cəlbini çətinləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR