Bank Of Baku

“Mülkiyyət hüquqlarının kütləvi pozulması və korrupsiya” forumu keçirilib

“Mülkiyyət hüquqlarının kütləvi pozulması və korrupsiya” forumu keçirilib
# 20 aprel 2011 08:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda “Mülkiyyət hüquqlarının kütləvi pozulması və korrupsiya” forumu keçirilib.

APA-nın məlumatına görə, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin (AİYİB) sədri Zöhrab İsmayıl forumun gündəliyi və mülkiyyət hüquqları ilə bağlı ölkədəki vəziyyət barədə qısa məlumat verib. Onların sözlərinə görə, hazırda Bakıda mülkiyyət hüquqlarının pozulması halları intensivləşib.

AİYİB-in hüquqşünası Şəfa Camalzadə, vəkil Fuad Ağayev “Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyəti: problemlər və məhkəmə işləri” mövzusunda çıxış ediblər.

Ş. Camalzadə deyib ki, son 1 ildə mülkiyyət hüququnun pozulması faktı ilə bağlı vətəndaşlar tərəfindən təmsil etdiyi quruma 200-dən artıq şikayət daxil olub. O deyib ki, satınalma qiymətləri ilə bağlı qanunvericilikdə problemlər olduğundan, bu proses zamanı əksər hallarda vətəndaşlar narazı qalır: “Bu da məmur özbaşınalığına, bürokratik əngəllərə və məhkəmə çəkişmələrinə səbəb olur”.

Ş. Camalzadə paytaxtın “Qış bulvarı” ərazisinə düşən yaşayış massivinin söküntüsü zamanı vətəndaşlarla Bakı Şəhər İcra Hakimiyyəti arasında yaranan problemi də diqqətə çatdırıb. Hüquqşünas paytaxt meriyası tərəfindən qanunların pozulduğunu söyləyib. Bu kimi səbəblərdən Azərbaycan Beynəlxalq Mülkiyyət Hüquqları Alyansı indeksində 125 ölkə arasında 101-ci olub.

ATƏT-in Qanunun Aliliyi şöbəsinin əməkdaşı Rolf Merkol isə mülkiyyət hüquqları toxunulmazlığına beynəlxalq təşkilatların yanaşması haqda fikirlərini bildirib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Kür Vətəndaş Cəmiyyəti Qərargahının rəhbəri Oqtay Güləliyev “Azərbaycanda mülkiyyət hüquqlarının pozulması və korrupsiya halları” mövzusunda çıxış ediblər.

Sonda forum adından mülkiyyət hüquqlarının pozulmasına dair hazırlanan bəyanat qəbul olunub.

Qeyd edək ki, forum “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin, Sülh və Demokratiya İnstitutunun, Kür Vətəndaş Cəmiyyəti Qərargahının, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının və vəkil Fuad Ağayevin təşəbbüsü ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR