Bank Of Baku

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq

“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq
# 20 aprel 2011 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin mayda Milli Məclisin Sosial Siyasət Komitəsində yenidən müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu barədə APA-ya komitənin sədr müavini Musa Quliyev məlumat verib. Layihədə “surroqat ana” anlayışı və cinsi toxumaların donorluğu məsələsinin bir çox millət vəkili tərəfindən normal qarşılanmamasına təəssüflənən M. Quliyev deyib ki, qanun layihəsi hələlik MM-in gündəliyindən çıxarılıb: “Amma buna baxmayaraq, layihə komitənin iş planında qalıb. Ola bilsin ki, may ayında komitədə bu layihəni yenidən müzakirə edək. Məncə, bu layihə çox proqressivdir. Onun qəbulunu gecikdirməklə bir çox problemlərimizin, xüsusilə boşanma probleminin həllində gecikirik. Boşanmalar ildən-ilə artır. Bu qanun layihəsini müzakirə çıxardıqda sonsuzluğa görə boşanma halları 13 faiz idisə, artıq 15 faizə yaxınlaşıb”.

M. Quliyev bildirib ki, layihədə cinsi toxuma donorlarının sayı ilə bağlı konkretləşdirmə aparılmalıdır: “Əvvəlcə bu sayda məhdudiyyət qoyulmamışdı. Artıq qonşu ölkələrin təcrübəsi əsasında öyrəndik ki, bir donor yalnız 3 uşağın dünyaya gəlməsində iştirak edə bilər. Biz onu 2-yə endirə bilərik”.

Millət vəkili “surroqat ana” anlayışının layihəyə yenidən daxil edilməsini hələ mümkün hesab etmir: ““Surroqat ana” ilə bağlı çox problemlər var. Bu problem həm də etik və hüquqi məsələlərlə əlaqədardır. Ona görə də düşünürəm ki, “surroqat ana”nın bizim qanunvericilikdə yer alması hələlik özünü doğrultmaz. Çünki bir çox dünya ölkələrində “surroqat ana” problemi məhkəmələrə və sonu olmayan çəkişmələrə gətirib çıxarır. Bəzən görürsən ki, “surroqat ana” hamiləliyin müəyyən dövründən sonra övladı verməkdən imtina edir, özünün valideynlik iddiasını irəli sürür. “Surroqat ana” daşıyıcı analıq dövründə xəsarət, əlillik alırsa, buna görə ödəniş qaydalarının müəyyənləşdirilməsi çox çətin problemdir. Amerikanın özündə “surroqat ana” praktikasının olmasına baxmayaraq, onlar da bu məsələnin hüquqi və iqtisadi həllini tapa bilmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR