Bank Of Baku

Dövlət Əmək Müfəttişliyinin rəisi: “İstehsalatda baş vermiş bədbəxt hadisələrin dinamikası həyəcan təbili çalır”

Dövlət Əmək Müfəttişliyinin rəisi: “İstehsalatda baş vermiş bədbəxt hadisələrin dinamikası həyəcan təbili çalır”
# 21 aprel 2011 08:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün əməyin mühafizəsinə böyük diqqət göstərilsə də, istehsalatda baş vermiş bədbəxt hadisələrin dinamikası həyəcan təbili çalır. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyev deyib.

Onun sözlərinə görə, son 3 ayda istehsalatda 61 bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 21 nəfər dünyasını dəyişib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 nəfər çoxdur: “Bu gün bir çox hallarda istehsalatda çalışan insanlarla əmək müqaviləsi bağlanılmır, işçilər fərdi əmək mühafizəsi ilə təmin olunmur. Bu səbəbdən bədbəxt hadisələr getdikcə artır. Bunun qarşısını almaq üçün biz sosial tərəfdaşlarla müvafiq fəaliyyət planı hazırlamışıq və birlikdə bu tədbirləri həyata keçirəcəyik. Təxminən 10 gün əvvəl daş karxanalarında baş vermiş hadisələrlə əlaqədar keçirdiyimiz birgə reyd nəticəsində bir çox daş karxanalarının fəaliyyəti dayandırılıb. Onlara göstəriş verilib ki, təhlükəsiz əmək şəraiti yaratsınlar”.

R.Tağıyev deyib ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə işəgötürənlərin məsuliyyətini artırmaq lazımdır: “İşəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb edir. Biz işəgötürənləri məcbur edirik ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta haqqında” qanunun tələblərinə uyğun işçilərini sığortalasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR