Bank Of Baku

İki orta məktəbin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib

İki orta məktəbin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib
# 22 aprel 2011 07:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin martında 1707 müraciət daxil olub. Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlərin əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterlidir. Bu müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Şikayət xarakterli müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır. Müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarətdir.

Dəqiq və ünvanlı müraciətlər üzrə aparılmış araşdırma nəticəsində iki orta məktəbin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib. Belə ki, müvafiq müraciət əsasında İ. Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəllimi Əliyar Baxışovun şagirdlərin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi üçün tədris ocağının rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbdə V sinifin rəhbəri İ. Hacıyevaya ciddi xəbərdarlıq edilib.

“Qaynar xətt”ə məktəbəqədər təhsil müəssisələrindən 9, lisey tipli məktəblərdən 5, internat məktəblərdən 2, məktəbdənkənar tərbiyə müəssisələrindən 2 şikayət qəbul edilib. Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 12, özəl ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar 24 müraciət qeydə alınıb.

Məktəbəqədər müəssisələrlə bağlı şikayətlərin böyük əksəriyyəti bu təhsil ocaqlarına qəbul və iş rejimi ilə əlaqədardır.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, müxtəlif növ nəşrlərin satışı və digər məsələlər əks olunub.

Dekanlıq tərəfindən külli miqdarda vəsait tələb olunduğunu bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinin V kurs tələbəsi Sənan Yusifovun müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində fakt təsdiqini tapmayıb və müvafiq materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Ötən ay özəl ali təhsil müəssisələri ilə bağlı 24 şikayət daxil olub. Onlardan 1-i Azərbaycan Kooperasiya Universiteti, 2-si Odlar Yurdu Universiteti, 21-i isə Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Azərbaycan Kooperasiya Universitetində kitab satışının təşkili, Odlar Yurdu Universitetində diplomlara görə rüsum tələb olunması, Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin sənədlərinin verilməsi zamanı çoxsaylı problemlərin yaradılması ilə bağlı müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR