Bank Of Baku

Gənclər və İdman Nazirliyi gənclərin məşğulluq məsələləri, gənc ailələrə ipotekaların verilməsi ilə bağlı konkret təkliflər hazırlayıb

Gənclər və İdman Nazirliyi gənclərin məşğulluq məsələləri, gənc ailələrə ipotekaların verilməsi ilə bağlı konkret təkliflər hazırlayıb
# 26 aprel 2011 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması üçün ölkə prezidentinin imzaladığı sərəncamla əlaqədar Gənclər və İdman Nazirliyində işçi qrup yaradılıb. Bu barədə APA-ya nazirliyin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev məlumat verib. O bildirib ki, hazırda nazirlikdə dövlət proqramı ilə bağlı gənclərdən, müxtəlif ictimai birliklərdən, gənclər təşkilatlarından gələn təkliflərin ümumiləşdirilməsi aparılır.

F. Hacıyev deyib ki, nazirliyin elektron poçtuna da gənclər öz təkliflərini göndərirlər: “Məqsəd budur ki, dövlət proqramı Azərbaycan gəncliyi ilə əlaqədar bütün sahələri əhatə etsin. Proqramda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, yaradıcı gənclərə dəstək, qeyri-hökumət gənclər təşkilatlarının dəstəklənməsi, aktiv vətəndaşın formalaşdırılması, gənclərin sosial problemlərinin həlli, ipoteka məsələləri, Azərbaycan gənclərin beynəlxalq səviyyədə təmsil olunması, xaricdə keçirilən forumlarda iştirak məsələləri geniş əks olunacaq. İstəyirik ki, dövlət proqramı çox işlək olsun. Yaxın vaxtlarda nazirliyinin nəzdində fəaliyyət göstərən İctimai Şuranın da iclası keçiriləcək. İctimai Şuranın iclasında da dövlət proqramına təkliflər geniş müzakirə olunacaq”.

F. Hacıyev bəyan edib ki, gənclərin məşğulluq məsələləri, sosial problemlərin həlli və gənc ailələrə ipotekaların verilməsi ilə bağlı nazirlik konkret təkliflər hazırlayıb: “Bununla əlaqədar xüsusi ekspertlər dəvət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gənclərin məşğulluq probleminin həll olunmasına xüsusi diqqət ayrılacaq. Ölkə prezidenti xüsusi olaraq vurğulayıb ki, bu məsələyə böyük diqqət ayrılmalıdır. Xüsusi biznes inkubatorlarının yaradılması, gənclərə güzəştli kreditlərin verilməsi, sərhədyanı bölgələrdə yaşayan gənclərə xüsusi şərtlərlə kreditlərin ayrılması, gənclərlə bağlı əmək yarmarkalarının və karyera günlərinin keçirilməsi, bölgələrdə karyera mərkəzlərinin yaradılması, peşə təhsilinin xüsusi səviyyəyə qaldırılması üçün ölkə prezidenti gənclərlə görüşdə xüsusi tapşırıq verib. Ölkə prezidenti gənclərlə görüşdə bildirib ki, gənc ailələrə ipoteka kreditlərinin verilməsi sistemi fəal işləməlidir. Təbii ki, gənclər üçün xüsusi güzəştlərlə ipotekalar verilməlidir. Gənclərimizin mənzil problemi öz həllini tapmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR