Bank Of Baku

Dünya Malyariya Günü ilə bağlı seminar keçirilib

Dünya Malyariya Günü ilə bağlı seminar keçirilib
# 27 aprel 2011 11:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. USAİD-in “İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi” layihəsi və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası Dünya Malyariya Günü ilə bağlı mətbuat nümayəndələri üçün seminar keçirib. APA-nın xəbərinə görə, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev deyib ki, seminar jurnalistlərin malyariya barədə biliklərinin artırılması məqsədi daşıyır. O bildirib ki, malyariya ağcaqanad vasitəsilə ötürülən ağır xəstəlikdir və təkcə 2009-cu ildə 781 min insanın ölümünə səbəb olub. Dünyada hər 30 saniyədə 1 uşaq bu xəstəlikdən ölür. Malyariyanın mövcud olduğu 106 ölkədən biri də Azərbaycandır.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Elxan Qasımov dünyada və Azərbaycanda malyariyanın tarixi, simptomları və ondan qorunma yolları barədə danışıb. O, Azərbaycanda malyariya ilə bağlı vəziyyətin 1990-cı ildən sonra pisləşməyə başladığını, 1996-cı ildə ən yüksək səviyyəyə çatdığını söyləyib: “Həmin il 13135 xəstəliyə yoluxma hadisəsi baş verib. Aparılan ciddi təxirəsalınmaz tədbirlər nəticəsində 2010-cu ildə Azərbaycanda xəstəliyə yoluxma halı 52 olub, bunun 2-si isə xaricdən gətirilmə kimi qeydə alınıb”.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdirin Süleyman Məmmədov isə müvafiq qurumların bu yoluxucu xəstəliklə mübarizə məqsədilə apardıqları tədbirlər haqda məlumat verib. O, Azərbaycanın 2005-ci ilin dekabrında “Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli” deklarasiyasına qoşulduğunu xatırladıb: “2008-ci ildə Azərbaycan hökuməti malyariyanın eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və Tədbirlər Planı qəbul edib. Bu planın məqsədi 2013-cü ilə qədər ölkənin bölgələrində xəstəliyə yoluxma hallarını sıfıra endirməkdir”.

Tədbir jurnalistlərin sualları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR