Bank Of Baku

AMEA-nın nəzdində aqrar bölmə və tibb elmləri bölməsi yaradılacaq

AMEA-nın nəzdində aqrar bölmə və tibb elmləri bölməsi yaradılacaq
# 27 aprel 2011 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnaməsinə dəyişiklik ediləcək, Akademiyanın nəzdində Aqrar Bölmə və Tibb Elmləri Bölməsi yaradılacaq. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin dünən AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı qaldırdığı məsələlər tezliklə öz həllini tapacaq: “Aqrar bölmənin yaradılması məsələsi demək olar ki, həll olunub. Bölmənin struktur vahidlərinin müəyyənləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi və aqrar bölməyə daxil olan digər dövlət qurumları ilə birgə bölmədə fəaliyyət göstərəcək elmi-tədqiqat institutlarının seçilməsi məsələsi gündəmdədir. Biz bilirdik ki, ölkə prezidentinin belə bir fikri var. Ona görə də bu il doktoranturaya plan yerləri ayrılanda aqrar sahə üzrə plan yerlərini artırmışıq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları sovet dövründə yaradılıb, bu institutların maddi-texniki bazası, kadr potensialı qarşıya qoyulan məsələlərin həlli üçün yeniləşməyi tələb edir. Ona görə də AMEA-da belə bir bölmənin olması həm Kənd Təsərrüfatı Nazirliyi üçün, həm də aqrar bölmə üçün çox əhəmiyyətlidir. AMEA-nın nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı ötən il illik yığıncaqda təkliflər verilib. Artıq nizamnaməyə dəyişiklik edilməsi ilə bağlı sənədləri təsdiq olunmağa vermişik”.

A. Həşimov yaradılacaq aqrar bölmənin ölkənin ərzaq təhlükəsizliyinin qorunması istiqamətində ciddi işlər görəcəyini deyib: “Bu bölmə öz işini Azərbaycanın ərzaq təhlükəsizliyinin həlli istiqamətində qurmalıdır. Ərzaq təhlükəsizliyi kompleks məsələlərin həllini tələb edir. Ərzağın istehsalı, qorunması, ekoloji tarazlığın bərpa olunması, beynəlxalq tələblərə cavab verməsi məsələləri kompleks həll olunmalıdır”.

A. Həşimov nazirliyin nəzdindəki elmi-tədqiqat institutlarının AMEA-ya birləşdirilməsi məsələsinin hələ müəyyənləşmədiyini də deyib: “Bölmənin nəzdində hansı institutların olmasını gələcək göstərəcək. Bu məsələnin üzərində işləmək lazımdır. Amma nazirlikdə də elə institutlar var ki, onlar öz sahələri üzrə operativ məsələlərin həllində çox lazımdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR