Bank Of Baku

Nazirlər Kabinetinin qərarına əsasən immun çatışmazlığı virusu ilə yaşayan anaların bir yaşınadək uşaqları qida məhsulları ilə pulsuz təmin olunacaqlar

Nazirlər Kabinetinin qərarına əsasən immun çatışmazlığı virusu ilə yaşayan anaların bir yaşınadək uşaqları qida məhsulları ilə pulsuz təmin olunacaqlar
# 29 aprel 2011 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Nazirlər Kabineti "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qərarlar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla "İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası" və "İnsanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası" təsdiq edilib.
Qaydalara əsasən İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə (prezervativlərlə) təminatı onlara ərazi üzrə xidmət göstərən İİV/QİÇS-lə mübarizə xidməti müəssisələri və ambulator-poliklinika şəbəkəsinin infeksion xəstəliklər kabinetləri tərəfindən həyata keçiriləcək. İİV-li xəstənin qoruyucu vasitələrə olan fizioloji tələbatı həkim tərəfindən fərdi qaydada müəyyənləşdiriləcək. Onun miqdarı, təchizat dövrü (adətən aylıq) təyin olunacaq. Xəstələrin qoruyucu vasitələrlə təminat pulsuzdur. Penitensiar müəssisələrdə saxlanılan İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə təminatı isə həmin müəssisələrin tibb xidməti tərəfindən həyata keçiriləcək.
Digər qaydalara görə, İİV-lə yaşayan şəxslər yüksək, yaxud aşağı temperatur və təzyiq altında, vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesində, kimya sənayesi sexlərində, kimya-biologiya, sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində, fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri) peşə və vəzifələrdə, həmçinin tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün sahələrində işləyə bilməzlər.
Qaydalara görə, İİV ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar qida məhsulları ilə pulsuz təmin olunmalıdır. Bu uşaqların qida məhsulları ilə təminatı onlara ərazi üzrə xidmət göstərən ambulator-poliklinika şəbəkəsi tərəfindən sahə həkiminin və ya ailə həkiminin nəzarəti altında həyata keçirilməlidir. Süni qidalanan bir yaşadək uşaqlar qida məhsulları (süd qarışıqları və digər qida normaları) ilə 15 gündən bir təmin olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR