Bank Of Baku

Azərbaycanda bağırsaq infeksiyasına yoluxanların sayı artıb

Azərbaycanda bağırsaq infeksiyasına yoluxanların sayı artıb
# 28 iyun 2011 10:02 (UTC +04:00)
Bu haqda APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin müdiri Emin Babayev bildirib. Onun sözlərinə görə, hər ay mütəmadi olaraq mərkəzə ölkənin bütün şəhər və rayonlarından hesabatlar daxil olur: “Son hesabata əsasən ölkədə bağırsaq infeksiyası ilə xəstələnənlərin sayında cüzi artımın olduğu aşkarlanıb. Amma buna xəstəliyin kəskin artması və ya alovlanması demək olmaz. Artım yay fəsli ilə əlaqədar ola bilər”.
E. Babayev artımla bağlı bölgələrdəki bütün şöbələrə məktublar göndərildiyini qeyd edib: “Bununla bağlı məktub hazırlayıb, bütün şəhər və rayonlara göndərmişik. Məktubda bildirilir ki, bağırsaq infeksiyasının artım səbəbləri ilə bağlı yerlərdə analizlər aparılsın və nəticələr haqqında bizə məlumat verilsin”. Şöbə müdiri ölkədə qeydə alınan bağırsaq infeksiyası xəstəliklərinin Avropada yayılan kəskin bağırsaq infeksiyası ilə heç bir əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, ölkədə hər hansı bir meyvə-tərəvəzdən kütləvi bağırsaq infeksiyasına yoluxma halı aşkarlanmayıb və bu, yay fəsli ilə əlaqədar baş verən adi hallardan biridir. E. Babayev onu da deyib ki, kəskin bağırsaq infeksiyasının yayıldığı Avropa ölkələrindən Azərbaycana gələnlər arasında da hələlik bu cür xəstəlik aşkarlanmayıb.

Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli isə APA-ya bildirib ki, QSC-nin Sanitar Epidemioloji stansiyasının gücləndirilmiş iş rejimində işləməsi davam edir. Xüsusilə də Almaniyanın Frankfurt şəhərindən gələn “Lufthanza” Aviaşirkətinin reysləri ilə bağlı nəzarət həyata keçirilir: “Amma hələ ki, Almaniyadan, eləcə də Avropadan gələn sərnişinlərdə virus aşkarlanmayıb. Bununla bağlı heç bir şikayət də yoxdur”.

Qeyd edək ki, Avropada kəskin bağırsaq infeksiyası xəstəliyindən (E. Coli) ölənlərin sayı 47 nəfərə çatıb. Ümumdünya səhiyyə təşkilatı (ÜST) Almaniyada bu virusun 3,8 min nəfərə yoluxduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR