Bank Of Baku

Prezident İlham Əliyev: «2030-cu ilədək şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir»

Prezident İlham Əliyev: «2030-cu ilədək şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir»
# 29 iyun 2011 21:35 (UTC +04:00)
Bakı-APA. «Son illər ərzində şəhərimizdə metro tikintisi çox sürətlə gedir. Demək olar ki, hər il yeni stansiya açılır. İki il bundan əvvəl biz metronun “Azadlıq prospekti” stansiyasının açılışını qeyd etmişik. “Dərnəgül” stansiyası artıq görülən o işlərin məntiqi davamıdır. 2008-ci ildə “Nəsimi” stansiyası tikilib. Növbəti illər ərzində yeni stansiyaların tikintisi də nəzərdə tutulur». Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışında etdiyi çıxışda belə deyib. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.
«Bütövlükdə qəbul edilmiş proqrama uyğun olaraq, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir. Çox böyük proqramdır. Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik.
2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaqdır. Sadəcə olaraq, bu proqramı biz hissələrə böldük ki, daha da real, konkret və qısamüddətli olsun. Ancaq metro tikintisi üzrə böyük proqram, əlavə, bəlkə onlarla stansiyanın tikintisini nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər icra edilməlidir və şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir. Bunun böyük əhəmiyyəti vardır. Çünki metro ən rahat və ən ucuz nəqliyyat növüdür. Yeni yanaşma ilə, yeni gözəl dizaynın tətbiq edilməsi nəticəsində metro stansiyaları, eyni zamanda, memarlıq baxımından da şəhərimizə yaraşıq verir.
Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür.
Azərbaycanda sosial məsələlər uğurla həll edilir. O cümlədən şəhər nəqliyyatı məsələləri həll olunur. Yeni gözəl yollar tikilir, avtobuslar alınır. İndi gözəl və çox rahat taksi maşınları alınıbdır. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə taksi maşınlarına rast gəlmək olar. İstəyirəm ki, tezliklə onların sayı artsın ki, şəhər sakinləri keyfiyyətli nəqliyyat vasitələri ilə təmin edilsinlər.
Bizim gördüyümüz işlər bundan ibarətdir. Bu, reallıqdır, real işdir. Bir müddət bundan əvvəl mənim rəhbərliyimlə keçirilmiş müşavirədə səslənən fikirlər bu gün reallaşır. Müşavirədən sonra qəbul edilmiş proqram icra edilir. Bizim bütün proqramlarımız konkret xarakter daşıyır. Hər bir proqram konkret iş cədvəli əsasında qurulub. Hər bir proqramın arxasında maliyyə resursları və texniki imkanlar vardır.
Bu gün burada nümayiş etdirilən, metro tikintisi üçün nəzərdə tutulan yeni avadanlıq dünyada ən birinci, ən yüksək keyfiyyətə malik olan avadanlıqlardır. Bu avadanlıqdan istifadə imkan verəcəkdir ki, biz tunel işlərini daha da sürətlə, yüksək keyfiyyətlə və zövqlə aparaq. Ona görə, mən hesab edirəm ki, bugünkü açılış onu göstərir ki, son bir neçə il ərzində tikilmiş stansiyalar və görülmüş işlər, artıq sistemli xarakter daşıyır.
Növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur. 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir. Bu, çox çətin məsələdir. Metro tikmək, - burada metro inşaatçıları bunu təsdiq edə bilərlər, - bəlkə də ən çətin məsələdir.
Mən çox şadam ki, bizdə olan məktəb və peşəkar kadrlar, bu kadrların yenidən hazırlanması, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi prosesi də uğurla gedir. Biz gərək addımlarımızı dünyada gedən proseslərə həmişə uyğun şəkildə ataq. O cümlədən dünyanın ən qabaqcıl texnologiyalarını Azərbaycana gətirməliyik və gətiririk.
Sizi bu hadisə münasibətilə təbrik edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş bütün vətəndaşlara minnətdarlığımı bildirmək istəyirəm. Bu ərazidə yaşayan sakinləri də təbrik edirəm ki, artıq onlar üçün yaxşı, gözəl şərait yaradılıb. Bilin ki, bundan sonra da işlər davam edəcəkdir. Bütün sahələrdə çox sürətli inkişaf vardır. Bizim ordumuz, nəinki bu bölgədə, nəinki Cənubi Qafqazda, dünya miqyasında güclü orduların sırasındadır. Həm peşəkarlıq baxımından, həm döyüş qabiliyyəti, döyüş potensialı, texnika baxımından dünya miqyasında güclü orduların sırasındayıq. Biz bunu qısa müddət ərzində təşkil edə bilmişik.
İndi bəzi hallarda məsələ ilə yaxından tanış olmayan xarici dairələr bizi günahlandırırlar ki, Azərbaycan silahlanma siyasəti aparır, orduya böyük diqqət göstərir. Bütün ölkələr orduya diqqət göstərməlidir. Bu yaxınlarda Avropa qitəsində baş verən hadisələrlə əlaqədar belə fikirlər səsləndi ki, Avropa ölkələri hərbi büdcələrini daha da çox inkişaf etdirməlidir. Biz də bunu edirik. Bu, bizim suveren hüququmuzdur. Əgər biz sadəcə olaraq ordu quruculuğuna vəsait qoysaydıq, sual yarana bilərdi ki, nə üçün? Amma Azərbaycanın dövlət büdcəsi 16-20 dəfə artan zaman əlbəttə ki, ordu quruculuğuna da, metro tikintisinə də, mədəniyyət obyektlərinin tikintisinə də vəsait ayırırıq. Bu, onu göstərir ki, ölkəmiz inkişaf edir və maliyyə imkanları artır.
Mən bu imkanın yaranmasında Azərbaycan xalqının zəhmətini, istedadını qeyd etmək istəyirəm. Bütün ölkəmizdə yaradılan və yaranmaqda olan gözəl yenilikləri Azərbaycan xalqı edibdir. İyirmi ildir ki, biz müstəqil xalq kimi yaşayırıq. Özümüzə və dünyaya sübut edə bilmişik ki, biz müstəqil xalq kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik. Dünyanın ən sürətli inkişaf templərinə nail ola bilərik və dünyanın ən müasir texnologiyalarını gətirə bilərik.
Baxın, bizdə nəqliyyat sahəsində ən qabaqcıl təcrübə tətbiq olunur. Görün, necə gözəl yollar çəkilir. Şəhər nəqliyyatı, metro tikintisi. İndi metro tikintisi, eyni zamanda, onu göstərir ki, ölkə sürətlə inkişaf edir. İnkişaf etməyən ölkədə metroya pul qoyulmur. Metroya ancaq o ölkələrdə pul qoyulur ki, orada sürətli inkişaf vardır. Çünki biz də, misal üçün, müstəqilliyimizin ilk illərində daha çox iqtisadi məsələlərə fikir verirdik. Gəlir gətirən sahələrə vəsait qoyulurdu. Amma indi bizdə imkan və iradə var ki, bütün sahələr inkişaf etdirilsin, o cümlədən sosial məsələlər də.
Problemlər çoxdur. Hələ həllini gözləyən məsələlər vardır. Amma ən önəmlisi ondadır ki, hər bir istiqamət üzrə bizdə konkret proqramlar vardır. İstər ordu quruculuğu olsun, istər mədəniyyət sahəsi, metro tikintisi, nəqliyyat, sosial məsələlər, sahibkarlıq, iqtisadi inkişaf, yoxsulluğun azaldılması - hər bir istiqamətdə nəticələr vardır. Bu, reallıqdır. Bu, söz deyil, niyyət deyil, kağızda olan proqram deyildir. Bu, reallıqdır. Bu reallıqları biz yaratmışıq, siz yaradırsınız. Hələ görüləsi işlər çoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR