Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzində regional elmi-praktik seminar keçirilib

FHN-nin Cənub Regional Mərkəzində regional elmi-praktik seminar keçirilib
# 30 iyun 2011 20:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyunun 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması" mövzusunda regional elmi-praktik seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən FHN-nin qurumlarının, Cənub Regional Mərkəzin dislokasiya ərazisi üzrə müvafiq rayon İcra Hakimiyyətlərinin (RİH) səlahiyyətli nümayəndələri, RİH-lərin Mülki Müdafiə Qərargahlarının rəisləri, müvafiq rayon Mənzil İstismarı və Kommunal Müəssisələr idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon Ərazi İdarələrinin əməkdaşlarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Cənub Regional Mərkəzin rəisi, polkovnik İlham Hüseynov FHN-nin son 5 il ərzində gördüyü işlər, tədbirin məqsədi və məramı barədə qısa məlumat verərək, hazırki dövürdə əhalinin fövqəladə hallardan müdafiə sahəsində hazırlanmasının əhəmiyyətindən danışıb.
Sonra RİH-ləri Mülki Müdafiə Qərargahları rəislərinin məlumatları dinlənilib. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formada konseptual təhlili keçirilib, əhalinin məlumatlandırılması istiqamətində aparılan işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.
“Lokal xəbərdarlıq sistemi, kollektiv mühafizə qurğularının hazırkı vəziyyəti, idarə və müəssisələrdə tərtib olunmuş təxliyə planları” barədə çıxış edən Mərkəzin Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Vahid Məhərrəmov bəzi obyekt, idarə və müəssisələrin lokal xəbərdarlıq sistemində mövcud olan qüsurlar, obyektlərdə yanğın və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmaması, təhsil müəssisələrində mülki müdafiə sahəsində nəzərdə tutulan dərslərin lazımi səviyyədə keçirilməməsi, ictimai yaşayış binalarında, idarə və müəssisələrdə əhalinin təhlükəsizliyi üçün nəzərdə tutulan ehtiyat çıxış qapılarının, kollektiv mühafizə qurğularının yararsız vəziyyətdə olması barədə söz açıb.
Sonra “Mərkəzin əhatə etdiyi ərazidə şəhərsalma fəaliyyəti sahəsində mövcud olan nöqsanlar” barədə çıxış edən Mərkəzin İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi sektorunun baş məsləhətçisi Nail Ağayev dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatının, ərazinin planlaşdırılmasının yerqurluşu-təsərrüfat planına uyğun olmaması, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və ərazidə mövcud olan sürüşmə zonalarında qanunsuz olaraq tikintialtı torpaq sahələrinin ayrılması və fərdi yaşayış evlərinin tikintisində Mərkəz ilə rayon memarlıq və tikinti şöbələri ilə birgə əməkdaşlıq və nəzarətin gücləndirilməsinin vacibliyi barədə danışıb.
Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov isə “FHN-nin Cənub Regional Mərkəzinə ünvanlanan vətəndaşların şifahi və yazılı müraciətlərinin təhlili” barədə çıxış edərək, vətəndaşlar tərəfindən onlara məxsus fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşməsi barədə yerli icra və özünüidarəetmə orqanlarına ünvanlanan müraciətlər barədə məlumatların operativ Mərkəzə ötürülməsinin, təbii fəlakət hesab olunan hidrometereoloji hadisələrin hədləri barədə yerlərdə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin, su obyektlərindən istirahət və idman məqsədilə istifadə edərkən qanunvericiliklə müəyyən edilmiş tələb və qadağalara tam riayət edilməməsi nəticəsində çimərliklərdə bədbəxt hadisələrin baş verməsi hallarını nəzərə alaraq əhali arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda yerli icra və özünüidarəetmə orqanları ilə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli” mövzusunda hazırlanmış kitabçalar tədbir iştirakçılarına paylanılıb, Mərkəzin fəaliyyəti ilə bağlı video, foto slaydlar, xilasetmə alət və avadanlıqlar əyani şəkildə göstərilib və həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR