Bank Of Baku

DSMF: Azərbaycanda pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb

DSMF: Azərbaycanda pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb
# 01 iyul 2011 08:57 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik həm 2006-cı il yanvarın 1-dək, həm də 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə şamil olunacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun yaydığı açıqlamada bildirilir.

Məlumata görə, bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq bağlanacaq. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması tədbirinin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 1 iyul 2011-ci il tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bu islahat nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq və Azərbaycanda əhalinin pensiya təminatı vahid sistemə gətiriləcək.

Hazırkı mərhələ Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilib. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə - təxminən 40% artacaq.

Artımların tətbiqi üçün bütün hüquqi prosedurlar həyata keçirilib. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” qanuna edilən dəyişikliklər ölkə prezidenti tərəfindən təsdiqlənib. Dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır.

Qeyd edək ki, bu, Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malik olmaqla 01.01.2010-cu ilədək təyin edilmiş 1 mln. 050 min pensiya işinin hər birinə yenidən baxılmasını tələb edir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verməkdədir.

Artıq paytaxt Bakının rayonları, Abşeron rayonu, Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb və hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi sürətlə həyata keçirilməkdədir. Prosesin hər bir pensiyaçı üzrə hansı tarixdə yekunlaşmasından asılı olmayaraq, həmin şəxsin pensiyası 1 iyul 2011-ci il tarixindən yenidən hesablanaraq ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR