Bank Of Baku

Ekspedisiya rəhbəri: “Abşeron ərazisindəki torpaqların zəbt olunması arxeoloji abidələrin qorunmasına ciddi problem yaradır”

Ekspedisiya rəhbəri: “Abşeron ərazisindəki torpaqların zəbt olunması arxeoloji abidələrin qorunmasına ciddi problem yaradır”
# 06 iyul 2011 11:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Abşeron ərazisindəki torpaqların intensiv zəbt olunması arxeoloji abidələrin qorunmasına ciddi problem yaradır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev deyib. İ. Əliyev bildirib ki, Abşeron ərazisi arxeoloji abidələrlə zəngindir və bu abidələrin GPS formada koordinatları ilə birlikdə xəritəsi hazırlanıb: “Lakin Abşeron ərazisindəki torpaqlar satılarkən həmin ərazilərin arxeoloji əhəmiyyəti nəzərə alınmır. Nə Mədəniyyət və Turizm Nazirliyinin, nə də Arxeologiya və Etnoqrafiya İnstitutunun müraciətlərinə məhəl qoyulur. Digər tərəfdən, bu torpaqların bir hissəsi Abşeron, bir hissəsi isə Xəzər rayonunun ərazisindədir. Bunun nəticəsində çox zaman cavabdehliyi bir-birinin üzərinə atırlar”.

İ. Əliyev qeyd edib ki, avqustun ortalarında Abşeronun şərqində Türkan-Dübəndi istiqamətində arxeoloji tədqiqatlar başlayacaq: “Həmin ərazidə tunc dövründən başlayaraq intensiv yaşayış olub. Burada Kələdağ deyilən ərazidə XVI əsrə aid məscid məqbərədə də tədqiqatlar aparılacaq. Bura sonuncu Şirvanşah Məhəmməd Qazinin məqbərəsidir. Bu ərazidə Qobustanda olduğu kimi qayaüstü təsvirlər, mağaralar da var. Hələ ki bu ərazi zəbt olunmayıb”.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Abşeron ərazisində olan qədim neft quyularının və anbarlarının qorunması ilə bağlı da ciddi problemlər var: “XIX əsrə aid bu quyuları neft muzeyinin filialları kimi qorumaq olar. Bu quyuların yerləşdiyi torpaqlar vaxtilə zəbt olunub. İndi həmin quyuların və anbarların çoxu həyətlərdə qalıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR