Bank Of Baku

TQDK iyulun 10-da ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək

TQDK iyulun 10-da ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək
# 08 iyul 2011 10:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq.

TQDK sədri deyib ki, bu il I ixtisas qrupu üzrə 33 587 abituriyent ərizə verib. Onlardan 30965 nəfəri Azərbaycan bölməsinin, 262 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir. 18 257 nəfər orta məktəblərin bu ilki, 13974 nəfər əvvəlki illərin, 1229 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. I ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

TQDK sədri deyib ki, Bakıda 24 152, Naxçıvanda 1327, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq və 3 saat davam edəcək. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19.00-da “Spase” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsi ilə öyrənə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR