Bank Of Baku

Azərbaycan paytaxtında dənizdə neft dağılmalarına həsr olunmuş tədbir keçirilir

Azərbaycan paytaxtında dənizdə neft dağılmalarına həsr olunmuş tədbir  keçirilir
# 03 noyabr 2011 07:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ATƏT-in Bakı ofisi tərəfindən təşkil edilmiş seminarın açılışında çıxış edən Azərbaycan fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyev neftlə çirklənmə hadisələrinə ciddi yanaşmağın önəmini vurğulayıb: “Xəzərdə neft və qaz hasilatının intensivliyinin artması ilə əlaqədar dənizin neft və kimyəvi məhlullarla çirklənmə riski yüksəlib”. R. Mirzəyev neft-qaz hasilatı ilə məşğul olan xarici şirkətlərlə bu sahədə əməkdaşlığın vacib olduğunu söyləyib.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə çıxışında aşağıdakıları deyib: “Dünyanın müxtəlif yerlərində neft dağılmaları nəticəsində baş verən təbii fəlakətlər belə hadisələrin törədə biləcəyi ekoloji və iqtisadi fəsadları bizə bir daha xatırlatdı. Belə olaylar neft dağılmaları ilə bağlı fövqəladə hallarda daha faydalı və əlaqələndirilmiş tədbirlərə ehtiyac olduğunu göstərir”.

Səfir qeyd edib ki, ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və neft dağılmalarına qarşı hazırlığın təmin olunmasında davamlı dəstək və mütəxəssis rəyi verməyə hazırdır.

Açılışdan sonra seminar 3 sessiya üzrə davam edəcək: “Azərbaycanda neft dağılmasına qarşı hazırlığın təmin edilməsi planının statusu”, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyasının (Tehran Konvensiyası) milli səviyyədə icrasının hazırkı statusu, dəniz təhlükəsizliyi və dəniz mühitinin qorunması sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi” və “Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər”.

Tədbirdə FHN, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkətinin nümayəndələri və bir sıra beynəlxalq ekspertlər iştirak edir.

Xatırladaq ki, Azərbaycan neftlə çirklənmə hallarına qarşı hazırlığın təmin edilməsi, belə hallarla mübarizə və əməkdaşlıq haqqında beynəlxalq Konvensiyaya qoşulub. Bundan başqa, Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər dənizində neftlə çirklənmə hallarına qarşı regional əməkdaşlığa dair Protokol imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR