Bank Of Baku

Oğuz rayonunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

Oğuz rayonunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
# 04 noyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Oğuz rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. APA-nın “Fövqəladə hallar” qəzetinə istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planı çərçivəsində keçirilən təlimə Oğuz rayon İcra hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olmuş cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 200 nəfərdən ibarət şəxsi heyəti və 30 ədəd texnikası iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR