Bank Of Baku

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 05 noyabr 2011 16:23 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan APA-ya verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Tədbirdə “Bakı Beynəlxalq Humanitar Forumu: nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə oktyabrın 10-11-də Bakıda keçirilmiş möhtəşəm Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbir və görüşlərin keçirilməsi dünya xalqlarını birləşdirmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq məqsədinə xidmət edir. İ.Məmmədzadə Forum çərçivəsində yeddi istiqamət üzrə “dəyirmi masa”ların keçirildiyini, diskussiyaların aparıldığını və Forum iştirakçılarının müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə etdiklərini diqqətə çatdırıb. Alim qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının mövqeyini əks etdirən Bakı Bəyannaməsinin qəbul edildiyini, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalandığını vurğulayıb.

Sonra akademiklər Mahmud Kərimov, Tofiq Nağıyev, Əhliman Əmiraslanov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Kamal Abdullayev və AMEA “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Şirindil Alişanov elmi məruzə ilə bağlı fikirlərini bildiriblər.

Elmi məruzə AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. AMEA Humanitar və İctimai Elmlər Bölməsinin institutlarına tapşırılıb ki, Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərləri dünya mədəniyyəti kontekstində obyektiv, konseptual və kompleks şəkildə araşdırılsın. Forumun ənənəvi xarakter aldığı nəzərə alınsın və bu məsələlərin təşkili məqsədi ilə AMEA Rəyasət Heyətinin nəzdində işçi qrupu yaradılsın.

Tədbirdə bir sıra təşkilati məsələlərə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR