Bank Of Baku

Bu ilin 10 ayında DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 101% icra edib

Bu ilin 10 ayında DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 101% icra edib
# 15 noyabr 2011 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1716,6 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 268,2 mln. manat və ya 18,5% çoxdur.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,2% və ya 97,0 mln. manat artaraq 967,1 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,6%-i və ya 576,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,0% və ya 61,9 mln. manat artıb, proqnoz isə 101,0 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,1%, torpaq mülkiyyətçiləri üzrə isə 14,8% artıb.

2011-ci ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 390,6 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9% və ya 35,2 mln. manat artıb. Sair gəlirlər üzrə daxilolmalar 5,4 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Cari ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 1687,4 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1650,2 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 279,1 mln. manat və ya 20,4% çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,6% və ya 274,5 mln. manat artaraq 1606,9 mln. manat təşkil edib.

2011-ci ilin ilk 10 ayında əhaliyə 43,3 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,0%-i hamiləliyə və doğuma görə, 27,4%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,9%-i dəfn üçün, 22,7%-i isə digər müavinətlərin payına düşür.

DSMF-nin digər xərcləri 37,2 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 8,2 mln. manat və ya 18,1% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR