Bank Of Baku

Bakıda “Uşaqlarımızı qoruyaq” adlı konfrans keçirilib

Bakıda “Uşaqlarımızı qoruyaq” adlı konfrans keçirilib
# 18 noyabr 2011 13:11 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Respublika Uşaq Təşkilatı və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə 20 noyabr - Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günü münasibəti ilə “Uşaqlarımızı qoruyaq” adlı konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar və onların icrası, son dövrlərdə baş verən uşaq intiharları ilə bağlı müzakirələr aparılıb.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Azərbaycanda bu sahədə həyata keçirilən layihələrdən bəhs edərək bildirib ki, ölkədə uşaq hüquqlarının qorunması çox yüksək səviyyədədir: ”Uşaq hüquqlarının müdafiəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın çox böyük rolu var”.
G. Əhmədova qeyd edib ki, son vaxtlar baş verən uşaq intiharları cəmiyyəti narahat edir: ”Bir çox ölkələrin mətbuatında ölümlə nəticələnən hadisələr barədə məlumatlar verilmir. Əksər hallarda uşaqlar intihar etməni televiziya və mətbuatdan öyrənir. Heç bir uşaq bundan sığortalanmayıb. Millət vəkilləri bu problemin həll olunmasında səy göstərməlidirlər”.

Millət vəkili Jalə Əliyeva internat məktəblərində olan problemlərdən danışıb: ”Bu təhsil müəssisələrində davranış və tərbiyəçi adına uyğun olmayan hərəkətlər baş verir. İnternat məktəblərində savadlı psixoloqlara daha çox ehtiyac var”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, bu gün havanın soyuq və ya isti olmasından asılı olmayaraq, küçələrdə uşaqların dilənməsi, maşınların qabağını kəsərək pul istəmələri, müəyyən işlərlə məşğul olmaları ona çox pis təsir edir: “Belə düşünürəm ki, bu məsələlər daha böyük auditoriyalarda müzakirə olunmalıdır. Elə ailələr var ki, uşaqlar valideynləri tərəfindən fiziki təzyiqlərə məruz qalırlar. Valideynin intellektinin aşağı olması buna səbəb olur. Cəmiyyətdə də bu məsələ adekvat olaraq həll olunmalıdır. Bu kimi halların qarşısı vaxtında alınmasa, çox böyük fəsadları ola bilər”.

Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib ki, problem qabarıq şəkildə ortaya qoyulmadan həll edilə bilməz: ”Bəzi məktəblərdə 6-9 yaşlı qız uşaqları valideynlər tərəfindən təhsildən yayındırılır. Təhsildən yayındırılan uşaqlarla bağlı Azərbaycanda müəyyən ciddi qanunların qəbulu vacibdir. Kütləvi informasiya vasitələrində xəbərlərin verilmə meyarları olmalıdır. Çünki bəd xəbərlər uşaqların yaddaşında daha çox qalır, nəinki yaxşı xəbərlər. Ətraf mühit, təhsil uşaqların formalaşmasında mühüm rol oynayır. Belə tədbirlərin təhsil müəssisələrində keçirilməsi daha məqsədəuyğun olar, onda uşaqlar özləri mövcud problemlər barədə danışarlar”.

Tədbir millət vəkillərinin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR