Bank Of Baku

Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyanın 23 illiyi ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyanın 23 illiyi ilə bağlı dəyirmi masa keçirilib
# 02 dekabr 2011 12:32 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Bu gün Deportasiya Qurbanları Cəmiyyəti (DQC) azərbaycanlıların Ermənistandan sonuncu deportasiyanın 23 illiyi ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə cəmiyyətin proqramı, gələcək fəaliyyəti, Qarabağ probleminin həlli və beynəlxalq təşkilatlarla əlaqə mövzuları müzakirə olunub. DQC İdarə Heyətinin (İH) üzvü, tarixçi alim Əziz Ələkbərov Ermənistandan azərbaycanlıların deportasiya olunmasının tarixi haqqında məlumat verib: ”İlk deportasiya 210 il bundan əvvəl - 1801-ci ildə Çar Rusiyası vasitəsilə edilib. Sonralar bu siyasət Sovet İttifaqı tərəfindən davam etdirilib. Bu gün bunu qeyd etmək üçün nə xüsusi bir gün, nə də tarixi abidə var. Biz qərara almışıq ki, 5 dekabr - deportasiya qurbanlarının anım günü kimi qeyd olunsun”.

İH üzvü, professor Firudin Cəlilov da çıxışında azərbaycanlıların Qərbi Azərbaycandan öz torpaqlarından deportasiyası barədə danışıb. O, həmçinin Suriyanın 553 kəndində 3 milyon azərbaycanlının yaşaması, onlardan 2 milyonunun isə təmiz Azərbaycan dilində danışdığını qeyd edib.

İH üzvü, politoloq Eldar Namazov isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir effekt vermədiyini vurğulayıb: “Bunu görən Avropa Birliyi təşəbbüsü öz əlinə almaq istəyir. Belə təklif irəli sürülüb ki, Fransa ya həmsədrlikdən çıxsın, ya da burada Avropa Birliyini təmsil eləsin”.

Sabiq baş prokuror Əli Ömərov Ermənistandan zorla qovulan azərbaycanlıların şəxsiyyət vəsiqələrində onların doğum yerlərinin - rayonun, kəndin adının qeyd olunması üçün daxili işlər naziri Ramil Usubova müraciət hazırladıqlarını bildirib.

Şair Vahid Əziz cəmiyyət və onun proqramı haqqında Azərbaycan prezidentinə məlumat verilməsinin vacib olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Sonda qərara alınıb ki, cəmiyyət adından dövlət başçısına müraciətin hazırlanması Vahid Əzizə həvalə edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR