Bank Of Baku

Hicran Hüseynova: “Müəyyən obyektiv və subyektiv səbəblərdən qadınlara qarşı zorakılıq faktları qalmaqdadır”

Hicran Hüseynova: “Müəyyən obyektiv və subyektiv səbəblərdən qadınlara qarşı zorakılıq faktları qalmaqdadır”
# 02 dekabr 2011 14:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim-seminarın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Azərbaycan ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq, gender baxımından qadınların peşə seçimində heç bir maneə olmayan ölkədir: “Azərbaycan xalqının ənənəvi dəyərlərində qadına böyük ehtiram və hörmət bəsləndiyini görmək olar. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən, xüsusilə məişət müstəvisində qadınlara qarşı zorakılıq faktları qalmaqdadır. Komitə bu məsələlərə diqqəti yönəltmək üçün bir sıra tədbirlər keçirib. Bu problemə KİV-in diqqəti isə bizim üçün xüsusilə önəmlidir”.

O qeyd edib ki, mətbuatda bu mövzuda gedən yazıların səviyyəsini qaldırmaq məqsədilə bu kimi seminarların keçirilməsi vacibdir. Komitə sədrinin sözlərinə görə, ailələrdə baş verən problemlər heç də sosial vəziyyətin çətinliyi ilə bağlı olmur.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İdarə Heyətinin üzvü Sona Vəliyeva isə deyib ki, yeni evlənənlər üçün 3 aylıq kursların təşkil edilməsi gənclərdə ailə institutu ilə bağlı düzgün fikirlərin formalaşmasına təkan verər. S. Vəliyeva Azərbaycan televiziya kanallarında sosial mövzulu verilişlərdə məişət zorakılığı ilə bağlı materialların hazırlanması zamanı jurnalistləri diqqətli olmağa çağırıb.

UNESCO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç, həmin qurumun informasiya və əlaqələr üzrə müşaviri Svetlana Knyazova, qurumun Azərbaycan Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva problemin həllinin vacibliyindən danışaraq, Azərbaycanda bu istiqamətdə dövlət və qeyri-hökumət təşkilatlarının gördüyü işləri məqbul hesab ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR