Bank Of Baku

Aydın Əhmədov: ”12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur”

Aydın Əhmədov: ”12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur”
# 06 mart 2012 12:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “12 illik ümumi təhsilə keçidi hazırkı müddətin mexaniki sürətdə 1 il artırılması kimi başa düşmək düzgün deyil. Bu, çox mürəkkəb, ciddi hazırlıq və gərgin əmək tələb edən prosesdir. İlk növbədə, təhsil rəhbərləri, pedaqoji kollektivlər və valideynlər psixoloji cəhətdən həmin prosesə hazır olmalıdırlar”. APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov “Azərbaycan müəllimi” qəzetində dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, 11-12-ci sinifləri əhatə edəcək tam orta təhsil səviyyəsində təhsil şagirdlərin meyl və marağı əsasında müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və təhsil proqramları (kurikulumları) tətbiq edilməklə təşkil olunacaq: “Bu, ali məktəblərə hazırlıq üçün hərtərəfli şərait yaradacaq və repetitorluğun qarşısını xeyli alacaq. Yeni təhsil modelinə keçidlə bağlı tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaq. Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcək. Əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcək”.
A. Əhmədov bildirib ki, “Təhsil haqqında" qanunda ümumi təhsilin müddəti 11 il müəyyənləşdirilib. Onun sözlərinə görə, 9 illik ümumi orta təhsil icbaridir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili nəzərdə tutulub: “Uzun müddətdir ki, Azərbaycanın 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında" qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10 il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur. Bu, gələcəkdə yalnız icbari ümumi orta təhsil almaqla kifayətlənən şagirdlərin fənlər üzrə bilik və bacarıqlara yiyələnməsinin səmərəliliyini xeyli artıra bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR