Bank Of Baku

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olunub

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
# 11 aprel 2012 12:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.

Komitə sədri Hadı Rəcəbli qanun layihəsinin MM-ə Azərbaycan prezidentinin imzası ilə daxil olduğunu bildirib. O, təklif edilən dəyişikliklər barədə məlumat verib. Qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Təklif olunan dəyişiklik qəbul edilərsə, pasiyentə zərər törədə biləcək məlumatların ona verilməsi qadağan olunacaq.

Layihə müzakirə edilərkən komitə üzvü Elmira Axundova ilə komitə rəhbərliyi arasında mübahisə yaranıb. E. Axundova təklif olunan dəyişiklikdəki bir məqama aydınlıq gətirilməsini istəyib. Komitə sədri Hadı Rəcəbli və komitənin üzvü Əhliman Əmiraslanov E. Axundovaya izahat versələr də, xanım deputat onlarla razılaşmayıb.

Komitənin sədr müavini Musa Quliyev isə çıxışında bildirib ki, Maştağa qəsəbəsindəki Ruhi-Əsəb Dispanserində 200-ə yaxın insan şəxsiyyət vəsiqəsi olmadan yatır: “Yaxınları onların əmlakı ilə bağlı neqativ hərəkətlərə imza atırlar”.

Müzakirələrdən sonra layihə MM-in plenar sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR