Bank Of Baku

Eldar İsmayılov: “Stepan Şaumyanın Ağcaqum çölündə öldürülməsini onu qətlə yetirən şəxs etiraf edib”

Eldar İsmayılov: “Stepan Şaumyanın Ağcaqum çölündə öldürülməsini onu qətlə yetirən şəxs etiraf edib”
# 13 aprel 2012 13:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov. Kəmalə Quliyeva-APA. 26 Bakı komissarlarından Stepan Şaumyanın digər komissarlarla birlikdə öldürülüb-öldürülmədiyi barədə qəti fikir mövcud deyil. Bununla bağlı Azərbaycan tarixçiləri arasında fikir ayrılığı yaranıb. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin müəllimi, tarix elmləri doktoru, professor Eldar İsmayılov yeni yazdığı “Степан Шаумян – обреченный на забвение - портрет «легендарного коммунара» без ретуши» (“Stepan Şaumyan – unudulmağa məhkum edilmiş - “əfsanəvi kommunarın” retuşsuz portreti” kitabında daşnak liderinin 26 Bakı Komissarı ilə eyni vaxtda - 1918-ci il sentyabrın 20-də öldürüldüyü yazıb.

E. İsmayılov APA-ya açıqlamasında bildirib ki, onun mövqeyi Şaumyanın digər komissarlarla eyni vaxtda öldürülmədiyi fikrini irəli sürən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə üst-üstə düşmür: “Faktlar göstərir ki, Şaumyan 1918-ci ilin 20 sentyabrında Ağcaqum çölündə öldürülüb. Konkret şahidlər də var. Şaumyanı qətlə yetirən türkmən ifadəsində bunu etiraf edib. 1921-ci ildə Türkmənistanda məhkəmə qurulub. Bizdə bu barədə çox az məlumat var. O konkret deyib ki, Şaumyanın başını xəncərlə yarıb”.

E. İsmayılov bildirib ki, bu günə kimi Şaumyanla bağlı uydurmalar daha çox dəbdə olub: “Vaxtilə Bakı Xalq Komissarları Sovetinə rəhbərlik edən adam əslində antiazərbaycan mövqeyində durub. Mən bu kitabda Şaumyan haqqında uydurmalara son qoymağa çalışmışam. Şaumyan Azərbaycan xalqının qatı düşməni, Bakı quberniyasında müsəlmanların məhv edilməsinin, soyqırımın təşəbbüskarı idi. Onun fəaliyyətində maraqlı məqamlar var. O özünü tək Azərbaycanın yox, bütün Qafqazın lideri kimi təqdim etmişdi, Lenin ona bu fürsəti vermişdi. O, Qafqazın fövqəladə komissarı təyin olunmuşdu. Ümumiyyətlə, Şaumyan Qafqazda yalnız erməni dövlətinin yaranmasını istəyirdi. Gürcü dövləti deyəndə ancaq Kutaisi quberniyasını nəzərdə tuturdu. O, Azərbaycan dövlətinin yalnız Yelizavetopol quberniyası çərçivəsində qurulması ilə razılaşırdı”.

Azərbaycan Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov isə APA-ya açıqlamasında deyib ki, elm inkişaf etdikcə müxtəlif fikirlər ola bilər: “Bizim ölkəmiz demokratik ölkədir. Azərbaycanda Şaumyanın müdafiəsinə qalxan adamlar da ola bilər. Mən buna qısqanclıqla yanaşmıram. Mən Eldar İsmayılovu tanıyıram. Onun tarixçi kimi potensialını da bilirəm. Tarixi biliklərə yiyələnmiş dəyərli tarixçidir. Sözün düzü, onun kitab təqdimatı keçirdiyini eşitmişəm, amma kitabı oxumamışam. Əgər o, burada Şaumyanın öldürüldüyünü deyirsə, mən çox təəssüflənirəm. Düşünürəm ki, Eldar İsmayılov öz potensialı ilə “Azərbaycan xalqının qatili Stepan Şaumyan” adlı monoqrafiya yaza bilərdi. Ümumiyyətlə, hər bir əsər fakta əsaslanmalıdır. “26-lar”ın abidəsinin Bakı şəhərinin mərkəzindən köçürülməsi prosesində mən, həmçinin, AMEA-nın rəhbərliyi iştirak edib. Biz orada üç-dörd gün işləmişik. Orada məhkəmə-tibb ekspertizasının bütün heyəti, həmçinin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin baş direktoru iştirak edib. Biz orada tələb qoymuşduq ki, neçə cəsədin olduğu aşkarlansın. Zərgər dəqiqliyi ilə aparılan araşdırmalar zamanı ümumilikdə 23 cəsəd aşkarlanıb. İndi ola bilər ki, Eldar İsmayılov orada 26 cəsəd olduğunu desin, başqa biri başqa söz deyə bilər. Amma tarix faktlara əsaslanır. İkincisi, Məhkəmə Tibbi Ekspertizanın nümayəndələri oradakı cəsədləri yaşa görə düzdülər. “26-lar”la bağlı bütün məlumatları məzarın üstünə topladıq. Araşdırma apardıq. Yaşa görə baxdıq ki, orada Şaumyan yoxdur. Orada Şaumyanın yaşında cəsəd yox idi. Üçüncüsü, biz araşdırdıq, məlum oldu ki, Krasnovodskda, “26-lar” güllələnəndən sonra 10 gün ərzində Stepan Şaumyan, Anastas Mikoyan və digərləri eyni kamerada yatıblar, quru yemək payı alıblar. Bu sənəd bizim əlimizdədir. Əlimizdə digər sənədlər də var. O sənədlərə inanmayan, getsin Rəşid Behbudovun taleyi ilə, Şaumyanın Hindistanda dəfn olunduğu yerlərlə maraqlansın”.

Y. Mahmudov E. İsmayılovun kitabını oxuyandan sonra yazılanlara daha geniş qiymət verə biləcəyini söyləyib: “Mən çox təəssüf edirəm ki, o kitabın təqdimatına məni dəvət etməyiblər. Gərək belə kitab çıxanda məni də dəvət edəydilər, Tarix İnstitutundan mütəxəssislər, alimlər gedəydi o təqdimata...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR