Bank Of Baku

Azərbaycanın Astara şəhərində general Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın Astara şəhərində general Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirə start verilib
# 14 aprel 2012 22:10 (UTC +04:00)
Lənkəran-Astara. Ağəddin Babayev – APA. Bu gün Astara Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaq Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə 35-ci ənənəvi beynəlxalq turnirə start verilib. APA-nın Cənub bürosunun məlumatına görə, turnir iştirakçıları və qonaqlar əvvəlcə Lənkəran şəhərində Həzi Aslanova həsr olunmuş xatirə paradında iştirak ediblər. Lənkəranda yığışan qonaqlar- Həzi Aslanovun nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Baklı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmi şəxslər, müharibə veteranları, eləcə də Azərbaycanı və xarici ölkələri təmsil edən idmançılar Həzi Aslanovun şəhərin mərkəzində ucaldılmış əzəmətli abidəsi önünə gül dəstələri ilə gələrək, orkestrin müşayiəti ilə xatirə paradında iştirak ediblər.
Xatirə paradında çıxış edən qəhrəmanın nəvəsi, polis general-mayoru Həzi Aslanov babasının xatirəsi şərəfinə beynəlxalq turnirin keçirilməsini yüksək qiymətləndirərək, ailəsi adından onun təşkilatçılarına minnətdarlığını çatdırıb. Sonra Həzi Aslanovun ölümündən sonra Beynəlxalq Dədə Qorqud Milli Fondu tərəfindən təltif edilmiş “Vətən övladı” qızıl medalı fondun prezidenti Eldar İsmayılov tərəfindən ailəsinə təqdim edilib. Fond tərəfindən “Qızıl ürək” medalı isə polis general-mayoru Həzi Aslanova verilib. Çıxış edən digər qonaqlar isə Həzi Aslanovun keçdiyi şərəfli ömür və döyüş yolundan söz açaraq, beynəlxalq turnirin iştirakçılarına uğur diləyiblər. Daha sonra qonaqlar Həzi Aslanovun ev-muzeyinə baş çəkərək, buradakı eksponatlarla tanış olublar.
Qeyd edək ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında idmanın cüdo növü üzrə XXXV ənənəvi beynəlxalq turniri ilk dəfə olaraq paytaxtdan kənarda təşkil keçirilir. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı baş tutan bu nüfuzlu idman yarışmasına Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Türkmənistandan 300 nəfərədək idmançı qatılıb.
Azərbaycan xalqının rəşadətli övladlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, yeniyetmə idmançıların ustalığının artırılması, qonşu ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların üzə çıxarılması məqsədi daşıyan beynəlxalq turnirdə 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 90 kq-dan yuxarı oğlanlar və 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 70 kq-dan yuxarı çəki dərəcələrində isə qızlar məharətlərini nümayiş etdirirlər.
Turnir iki gün davam edəcək, qaliblər təşkilat komitəsinin medalları, diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR