Bank Of Baku

Kürün səviyyəsində azalma müşahidə edilir

Kürün səviyyəsində azalma müşahidə edilir
# 16 aprel 2012 12:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, departamentin mütəxəssisləri tərəfindən həyata keçirilən ölçmə işləri zamanı suyun dərinlikləri, sürəti və eni ölçülüb: “Ölçmə işlərinin nəticələrinə əsasən, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun faktiki səviyyəsi 426 santimetr, su sərfi isə 812 kubmetr/saniyə, yəni 10 günlük normanın 110 faizini təşkil edir”. Kürdə müşahidə edilən hazırkı səviyyənin o qədər də təhlükəli vəziyyət yaratmadığını deyən baş hidroloq bildirib ki, əvvəlki illərlə müqayisədə çayın səviyyəsi o qədər də yuxarı deyil: “Gürcüstan ərazisində qarın əriməsi nəticəsində çayda suyun səviyyəsində artım qeydə alınıb. Havaların istiləşməsi və qarın əriməsi nəticəsində çayda suyun səviyyəsi 1 metrədək artmışdı. Lakin hazırda Kürdə suyun səviyyəsində nisbətən azalma müşahidə edilir. Bu gün çayın Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr aşağı düşüb”.

A. Verdiyev onu da deyib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarın əriməsi ilə əlaqədar dağ çaylarında suyun səviyyəsinin artımı davam edir. Onun sözlərinə görə, Kiçik Qafqazın Gəncəçay, Kürəkçay, Zəyəmçay, Böyük Qafqazın Kişcay, Girdimançay, Talaçay, Göyçay, Qusarçay, Qudyalçay, Vəlvələçay çaylarında qarın tədricən əriməsi nəticəsində suyun səviyyəsində 2-5 santimetr artım qeydə alınıb: “Hələlik çaylarda təhlükəli bir vəziyyət yoxdur. Lakin gözlənilən intensiv yağışlar qarın əriməsi prosesini artıra bilər və nəticədə bəzi dağ çaylarında qısamüddətli daşqınlar keçə bilər”. Sabah Azərbaycan və Gürcüstan ərazilərində yağışların proqnozlaşdırıldığını deyən baş hidroloqun sözlərinə görə, bununla əlaqədar çaylarda sululuğun artacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR