Bank Of Baku

UNİCEF rəsmiləri Azərbaycana səfər ediblər - FOTO

UNİCEF rəsmiləri Azərbaycana səfər ediblər  - <font color=red>FOTO</font>
# 16 aprel 2012 12:29 (UTC +04:00)
Onlar BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində 4 rayonun icra hakimiyyətinin başçısı ilə görüşüblər

Bakı-APA. UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə UNİCEF-in ölkə direktorunun müavini Rəşid Mustafa, qurumun gənclərin və yeniyetmələrin inkişafı üzrə mütəxəssisləri Aida Aylarova və Natiq Umarov regiona səfər ediblər. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, səfər zamanı onlar ilkin olaraq Tərtər, Yevlax, Goranboy və Bərdə rayonlarının icra hakimiyyəti başçıları ilə görüşlər keçiriblər. Görüşlərdə BAMF-ın sədri Umud Rəhimoğlu, rayon gənclər və idman idarələrinin rəhbərləri, BAMF-ın proqram departamentinin rəhbəri Nik Nvolisa və “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin regional koordinatoru Siyab Məmmədli iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Musayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qonaqlara rəhbərlik etdikləri rayonlarda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər və digər fəaliyyətlər barədə onlara məlumat veriblər.
Rayon İH başçıları Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixindən, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində yaranmış problemlər barədə də ətraflı danışıblar.
Rəşid Mustafa UNİCEF-in Azərbaycanda həyata keçirdiyi missiyasından, təhsil və sağlamlıq, uşaqların, yeniyetmə və gənclərin, qadınların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərdən danışıb. Rəşid Mustafa və BAMF-ın sədri Umud Rəhimoğlu həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi ilə bağlı indiyədək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb, regionda gənclərin inkişafında, üzləşdikləri problemlərin araşdırılmasında onların özlərinin iştirakına imkan yaradılmasında mühüm əhəmiyyət kəsb edən layihənin yerlərdə icra strukturları və digər qurumlar tərəfindən hərtərəfli dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Həmçinin görüşlərdə layihə çərçivəsində keçiriləcək iki konfransa hazırlıq və tədbirlərlə bağlı digər zəruri məsələlər rayonların rəhbərləri ilə birgə müzakirə edilib. Yevlax, Goranboy və Bərdə rayonlarının da iştirak edəcəyi ilkin konfransın Tərtər rayonunda keçirilməsi planlaşdırılıb. R.Mustafa və U.Rəhimoğlu bildiriblər ki, yaxın vaxtlarda ikinci konfransla və bütövlükdə layihənin icrasının gedişi ilə bağlı Ağdam, Ağcabədi və Beyləqan rayonlarına səfərlər olunacaq.

R.Mustafa həmçinin regionlarda məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni tərbiyə ocaqlarının tikilib istifadəyə verilməsi və səriştəli kadrlarla təmin olunması kimi mühüm məsələlərə yerlərdə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu bildirib.

Görüşlərdə UNİCEF rəsmisi regiona səfəri zamanı Dağlıq Qarabağ probleminin törətdiyi dəhşətləri, qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini və xüsusilə onların yurd həsrətini öz gözləri ilə gördüyünü təəssüf hissi ilə dilə gətirib və münaqişənin tezliklə danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması arzusunu bildirib.

Görüşlər başa çatdıqdan sonra UNİCEF-in nümayəndələri BAMF-ın Tərtər rayonundakı regional ofisində layihə rəhbərinin, əsas və regional koordinatorların iştirakı ilə “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasının vəziyyətini və yaxın günlərdə TQ üzvlərinə keçiləcək təlimlər üçün hazırlanmış təlim materiallarını müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR