Bank Of Baku

Azərbaycanla Estoniya arasında pensiya təminatı sahəsində əməkdaşlıq sazişi hazırlanır

Azərbaycanla Estoniya arasında pensiya təminatı sahəsində əməkdaşlıq sazişi hazırlanır
# 01 may 2012 11:34 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Bakıda səfərdə olan Estoniya nümayəndə heyətini qəbul edib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, mayın 5-nə kimi davam edəcək səfərdə əsas məqsəd Azərbaycan DSMF ilə Estoniyanın müvafiq qurumu arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, iki ölkə arasında sosial müdafiə sahəsindəki əməkdaşlığın daha da dərinləşdirilməsidir.

Qonaqları səmimi salamlayan S.Müslümov Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən islahatların mühüm istiqamətlərindən biri də xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək üçün tədbirlərin görülməsidir. Bununla əlaqədar vətəndaşların əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması vacibdir. Bu baxımdan ilk növbədə ayrı-ayrı ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı və sistemlərin qarşılıqlı öyrənilməsi məqsədilə DSMF-in birbaşa və Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilib.

S.Müslümov nəzərə çatdırıb ki, hazırda ölkəmiz tərəfindən pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədilə bir sıra başqa ölkələrlə beynəlxalq müqavilələrin bağlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, nümayəndə heyəti ilə DSMF-də görüşlər zamanı Azərbaycanla Estoniya arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş layihəsi əsas müzakirə mövzusu olacaq. Müzakirələrdə iki ölkə vətəndaşlarının əmək fəaliyyəti dövründə həmin dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının qarşılıqlı tanınması və pensiya təyinatında nəzərə alınması prinsipləri nəzərdən keçiriləcək.

Səfər çərçivəsində Estoniya nümayəndə heyəti DSMF-də yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla yaxından tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR