Biznesmen

İş geyiminin üslubu böyük əhəmiyyət kəsb edir. Qarderob nəinki zövqü əks etdirir, hətta peşə keyfiyyətlərinə işarə edir, imicə və ətrafdakıların sizi necə qəbul edəcəyinə təsir göstərir. Qarderobun mütəmadi təzələnməsi və ya geyim üslubunun tamamilə dəyişdirilməsi ətrafdakı insanların nəzərinə çarpacaq və siz işçilərin ümumi kütləsindən seçiləcəksiniz. 2007-ci ilin kolleksiyalarında ciddi klassik Britaniya üslubuna və eleqant konservatizmə üstünlük verilir. Qara rəng isə artıq qış üçün iş geyiminin yeganə məqbul rəngi sayılmır. Kişi qarderobunun klassik əşyası - V şəkilli yaxası olan sviter heç vaxt aktuallığını itirməyəcək. Sviteri qatlama yaxalıqlı ağ köynəklə geyinmək məsləhətdir. Qaranın əvəzinə eyni dərəcədə universal, lakin o qədər də darıxdırıcı olmayan tünd qırmızı sviter seçmək olar. Aparıcı dizaynerlərin kolleksiyalarında dəfələrlə “military” üslubunda paltonu görmək mümkündür. Xalis yundan tikilmiş uzun palto şübhəsiz ki, qarderobunuzu tamamlayacaq. Payızda və yazda paltonu düymələnməmiş geyinmək, qışda isə geyim ansamblına şux rəngli şərf əlavə etmək olar.
Boz rəngli kostyum rahatlıq və universallıq baxımından qaradan heç də geri qalmır, lakin qışda belə rəng tutqun görünür. Boz rəngin açıq çalarları yayda da köməyinizə çatar, çünki boz kostyum günəş şüalarını daha yaxşı əks etdirir. Bundan əlavə, düz biçimli büzməsiz şalvarla siz kostyumu bir necə mövsüm geyinə bilərsiniz.
Dama-dama print 2007-ci ildə son dərəcə populyar olacaq. Bu trendi nümayiş etdirmək üçün cəmi bir aksessuar, məsələn şərf kifayətdir. Onun sayəsində zahiri görkəminizdə xüsusi Britaniya sayağı gözəlliyə nail olacaqsınız.
2007-ci ilin mövsüm tendensiyalarına daha bir töhfə - tviddən olan klassik paltodur. Paltonu qəhvəyi rəngdə seçmək məsləhətdir. Belə palto tünd cinslə (müasir gündəlik üslub), boz və ya tünd göy şalvarla (daha təmtəraqlı variant) geyinilməlidir.
Dəbdə, həmçinin, zamşadan şokolad-qəhvəyi rəngində və qalın altlıqlı düzbucaq və ya ensiz burun ayaqqabıdır.
Biznes-ledi

Gələn il işgüzar qadınlar üçün neytral rənglərin palitrası daha münasib olacaq. Bu sıraya boz, qara, boz-qəhvəyi və bej rəngləri aid etmək olar. Bu rənglərdə olan dama-dama geyim diqqəti sizdən yayındırmayacaq və ümumi ansamblda üstünlük təşkil etməyəcək. Bu cür libas, birrəngli geyim əşyaları - mirvari rəngə çalan incə ipək köynək və qəhvəyi şalvarla gözəl ahəng təşkil edir. Dama-dama üst geyimi ətəklə, dama-dama ətək isə uzun boğaz sviter, cins şalvar və çəkmələrlə daha uduşlu görünür.
Boğazətrafı ipləri olan köynək artıq bir neçə mövsümdür ki, dəbdən düşmür. Lakin məhz indi o, populyarlığın zirvəsindədir. Pambıq, ipək, hətta pambıq cersidən köynəklər dəbdə olacaq. Boğaz ətrafı ipləri olan köynək çoxfunksiyalıdır. O, həm kostyum, həm toxunma jiletlə uyğun gəlir.
Gələn il üçün planlaşdırdığınız geyim üslubundan asılı olmayaraq, ansamblı qırmızı rənglə tamamlamağı unutmayın. İstənilən neytral ton ilə uyğunlaşan qırmızı rəng ən populyar rəng çaları olacaq. Bu rəng aksessuar, xüsusilə ayaqqabılar üçün yararlıdır. Qara və mavi rəng köynəyi rəngbərəng damaları olan kişi stilində enli tvid şalvarla kombinə etmək olar. Burnu dairəvi formada olan laklı qırmızı ayaqqabı bu ansambla mükəmməl əlavə olacaq.
Həmçinin, qırmızının bütün çalarlarında olan çanta və toqqaları nəzərinizdən qaçırmayın. Tamamlanmış surət yaratmaq üçün qırmızı naxışlı geyim seçin. Qadın kostyumunda kişi geyiminə incə işarə, məsələn zolaq və damalardan istifadə - mövsümün hakim trendidir. Əsas odur ki, bütövlükdə zahiri görünüş zərif və cəzbedici qalsın. Məxmər ya dəridən olan bədənə kip oturmayan jileti düz biçimli şalvarla birləşdirməyə cəhd edin.
Təklif olunan dəbə uyğun işgüzar görüşlər üçün nəzərdə tutulmuş ayaqqabıların variantları da müxtəlifdir. Bu, zamşa, məxmər, atlasdan, həmçinin, bəbir, timsah və ilan dərisinə oxşar materiallardan hazırlanmış ayaqqabılardır. Bununla belə, müxtəlif birləşmələrdən ibarət ayaqqabılar daha əlverişli hesab olunur. Məsələn, zamşadan əlavələr və atlas bantla bəzədilmiş laklı “lodoçka” ayaqqabılar bu sıraya aiddir.
Unutmayın ki, gündəlik geyilən ayaqqabı rahat olmalıdır. Deməli, davamlı daban və yaxud dabansız ayaqqabılardan istifadə etmək lazımdır. Bu zaman köməyinizə əvəz olunmaz “lodoçka” ayaqqabı çatar.
P.S. Nəzərə almaq lazımdır ki, ofis işçilərinin geyimi çox gözə çarpan olmamalı və biznes stilinə cavab verməlidir. Bununla belə, işgüzar modanın konservatizminə baxmayaraq, o da hər mövsüm dəyişir.
APA-Economics