Azərbaycan enerji və kommunal tariflərin artımını məcburi köçkünlər üçün neft gəlirləri hesabına kompensasiya edəcək

Azərbaycan enerji və kommunal tariflərin artımını məcburi köçkünlər üçün neft gəlirləri hesabına kompensasiya edəcək
# 09 yanvar 2007 14:36 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin qaçqın, məcburi köçkünlər və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov deyib.
Q.Sadıqov məcburi köçkünlərin istehlak etdiyi elektrik enerjisinin haqqının, eləcə də kommunal ödənişlərin əvvəlki qaydada dövlət tərəfindən həyata keçiriləcəyini bildirib. Bu məqsədlə əlavə ödənişlər aparılacaq.
Artımı kompensasiya etmək üçün 2007-ci ilin büdcəsində əlavə vəsaitin nəzərdə tutulmadığını deyən Q.Sadıqovun sözlərinə görə, hazırda hökumət bu vəsaitin hansı mənbələr hesabına ödənilməsi yollarını araşdırır. Hökumət qiymət artımı ilə bağlı yaranmış əlavə vəsaiti Dövlət Neft Fondunun və “stabilləşdirmə fondunun” vəsaitləri hesabına kompensasiya etmək niyyətindədir.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov isə APA-ya açıqlamasında yanacağın qiymətinin artmasının məcburi köçkün ailələrinə ağ neftin verilməsində heç bir problem yaratmayacağını deyib. Departament başçısının sözlərinə görə, komitə yanacaq üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin artırılması təklifi ilə hökumətə müraciət etməyəcək, bu məsələni Maliyyə Nazirliyi tənzimləyəcək.
Qeyd edək ki, hazırda komitə qaz təminatı olmayan kəndlərdə yaşayan 87,1 min köçkün ailəsinə ayda 40 litr ağ neft verir. Köçkünlərə neft 5 ay ərzində - oktyabrdan martadək paylanılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR