Bank Of Baku

Rauf Tağıyev: “Rusiyadan azərbaycanlıların deportasiya olunmasının miqrasiya qanunvericiliyinə edilən son dəyişikliklərlə əlaqəsi yoxdur”

Rauf Tağıyev: “Rusiyadan azərbaycanlıların deportasiya olunmasının miqrasiya qanunvericiliyinə edilən son dəyişikliklərlə əlaqəsi yoxdur”
# 05 fevral 2007 13:04 (UTC +04:00)
Azərbaycan tərəfi Rusiyanın miqrasiya qanunvericiliyinə edilmiş son dəyişiklərlə əlaqədar bu ölkədə işləyən Azərbaycan vətəndaşlarının problemlərini həll etmək üçün rəsmi Moskvaya öz təkliflərini verib. Yanvarın 30-31-də Moskvada konsulluq məsələləri üzrə keçirilən Azərbaycan-Rusiya danışıqlarının sonunda hər iki tərəfin təkliflərini rəsmiləşdirən protokol da imzalanıb. Danışıqlarda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev APA-ya bildirib ki, görüşdə əsas diqqət Rusiya ilə Azərbaycan hökumətləri arasında əmək miqrasiyası sahəsində sazişin imzalanmasının sürətləndirilməsi məsələsinə yönəldilib. Nazirlik rəsmisi qeyd olunan sazişi bu il imzalamağa çalışacaqlarını deyib. “Görüşdə azərbaycanlı miqrantlar üçün həlli çox vacib olan digər məsələləri də qaldırdıq. Əmək fəaliyyətlərini leqallaşdırmaları üçün hazırda Rusiyada yaşayan və ümumvətəndaş pasportu olmayan Azərbaycan vətəndaşlarına pasportlar həmin ölkədə verilir. Bu, Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Bir ölkə ərazisinə girəndə həmin ölkənin sərhədçiləri pasporta giriş ştampı vururlar. Amma ölkə daxilində veriləcək pasportlarda giriş ştampı olmayacaq. Vətəndaşlarımız Rusiyadan çıxarkən bu ştampın olmamağına görə problemlərlə üzləşə bilərdilər. Buna görə də biz məsələ qaldırdıq ki, pasport qanuni əsasla ölkə daxilində verilir, gəlin Rusiya sərhədçilərinin Azərbaycan vətəndaşlarını incitməməyi üçün bir mexanizm fikirləşək. Bu təkliflə bağlı qarşılıqlı razılaşma belə oldu ki, pasportun verildiyi şəhərdə - Sankt-Peterburq və ya Moskvada Azərbaycan Respublikasının konsulu müvafiq ştamp vursun və bununla da problem həll olunsun”. R. Tağıyevin sözlərinə görə, Rusiyanın yeni qanunvericiliyinə görə, işləmək icazəsi yalnız o adama verilir ki, həmin şəxsin miqrasiya kartında ölkəyə giriş üçün məqsədinin işləmək olduğu göstərilsin. Ancaq Rusiyada işləyən Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin miqrasiya kartında onların məqsədinin işləmək olduğu yazılmayıb: “Bizim vətəndaşlarımız Rusiyaya gələndə qanun belə deyildi. Ona görə də Azərbaycan vətəndaşının Rusiyaya səfərinin məqsədi kimi hətta turizm göstərilibsə və o, işləmək üçün müraciət edirsə, həmin şəxsə işləmək icazəsi verilməlidir. Rusiya tərəfi də bunu çox normal qəbul etdi və söz verdilər ki, qanunvericilikdəki bu boşluğu aradan qaldırmaq üçün təcili tədbir görəcəklər”. R. Tağıyevin sözlərinə görə, Azərbaycan vətəndaşlarından pasportla yanaşı, həmin sənədin rus dilinə olan tərcüməsini də tələb edirlər: “Bu da beynəlxalq normalarda nəzərdə tutulmamış bir tələbdir. Onlar belə halın olmasına təəccüb etdilər və söz verdilər ki, bu cür qeyri-qanuni halların aradan qaldırılması üçün tapşırıqlar verəcəklər”. R. Tağıyev APA-ya bildirib ki, səfər zamanı Rusiyanın bir necə bazarında, Rusiya Azərbaycanlıları Konqresində, Moskva şəhərindəki Azərbaycan Vətəndaşlarına Hüquqi Yardım Qərargahında da olublar. Nümayəndə heyəti son durumu öyrəndikdən sonra belə bir qənaətə gəliblər ki, azərbaycanlı miqrantlar üçün ciddi problemlər yoxdur: “Mətbuatda yazılır ki, Rusiyadan bu qədər şəxs deportasiya olunur. Ancaq bunun Rusiya qanunvericiliyinə edilən son dəyişikliklə heç bir əlaqəsi yoxdur. Belə hallarla müxtəlif səbəblərdən Rusiya qanunlarını pozanlar üzləşiblər”. R. Tağıyev bildirib ki, azərbaycanlıların əmək fəaliyyətinin leqallaşdırılmasında yaranan əsas çətinliklərdən biri bu prosesin çox ləng getməsidir. Miqrantların ölkədə işləməsinə icazə verən Federal Miqrasiya Xidmətinin regional şöbələrinə müraciət edənlər çox olduğundan Rusiya tərəfi bu icazələrin verilməsini çatdıra bilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR