Bank Of Baku

Sosioloji sorğu: Bakıda yaşayan qadınların 56,4%-i artıq çəkidən əziyyət çəkir

Sosioloji sorğu: Bakıda yaşayan qadınların 56,4%-i artıq çəkidən əziyyət çəkir
# 14 mart 2007 12:54 (UTC +04:00)
Mərkəzdən APA-Economics-ə verilən məlumata görə, sorğu paytaxt sakinlərinin həyat tərzini müəyyənləşdirmək məqsədilə keçirilib. Sorğu zamanı məlum olub ki, paytaxtda yaşayan qadınların 56,4%-i artıq çəki problemindən əziyyət çəkir. PROCON GfK International Research GROUP mərkəzinin keçirdiyi telefon sorğusu zamanı Bakıda yaşayan qadınların yalnız 47%-i öz çəkisindən məmnun olduğunu bildirib. Sorğuya qatılan kişilərin isə 43,6%-i çəkisinin artıq olmasından gileylənib, 53%-i isə belə bir problemlə üzləşmədiyini deyib.
Sorğu paytaxt sakinlərinin yalnız 20%-nin bu və ya digər xəstəlikdən əziyyət çəkmədiyini üzə çıxarıb. “Heç bir xəstəliyim yoxdur” deyən 20% respondentin 63%-i kişi, 37%-i isə qadındır. Səhhətindən şikayətli paytaxt sakinlərinin təxminən yarısı (50,7%) müalicə vaxtı dərman preparatlarına, qalanları (49,3%) isə xalq təbabətinə üstünlük verir. Respondentlərin 42,6%-i müalicə üçün heç bir yerə müraciət etmədiyini deyib. Müraciət edənlərin isə əksəriyyəti dövlət tibb müəssisələrinə (57,2%), 17,2%-i özəl tibb müəssisələrinə, 11,1%-i hər iki tibb müəssisəsinə inanır. Yalnız 14,5% respondent heç bir tibb müəssisəsinə inamının olmadığını bildirib.
Respondentlərin 45,8%-i iş yeri seçimində əsasən maaş və maddi rahatlığa üstünlük verirlər. Bununla yanaşı, iş yerini təhsilə uyğunluq (19%), kollektivə (15,8%), dövlət işi olmasına (5,9%), sosial prespektivliliyə (3,9%) görə seçənlər də var. Sorğuda iştirak edən və hal-hazırda işləyən respondentlərin əksəriyyətinin iş yerlərində heç bir problemi yoxdur (61,6%). 9,9% maaşın az olmasından, 7% ədalətsizlikdən, 5,8% kollektivdəki münaqişələrdən və c. əziyyət çəkir.
Respondentlərin əksəriyyəti qadınların işləməsinə müsbət (72,2%), 10,6%-i isə mənfi yanaşıb. 53,9% qadınların özəl bölmədə işə cəlb olunma səviyyəsini orta qiymətləndirib. Sorğuda iştirak edən evli və boşanmış respondentlərin 41,9%-i ailə qurarkən məhəbbətə, 25,2%-i qarşı tərəfin xüsusiyyətlərinə, 15,2%-i valideynlərin məsləhətinə, 5,2%-i ali təhsilə və nə qədər qəribə də olsa cəmi 1,9%-i maddi marağa üstünlük verdiyini deyib.
Respondentlərin 34,5%-i heç bir xarici dil bilmədiyini qeyd edib. Dil bilənlərin 63,8%-i öyrəndiyi xarici dil kimi rus dilini, 11,3%-i isə ingilis dilini göstərib. Respondentlərin böyük əksəriyyəti bir dəfə də olsun xaricə getməyib 83%. Onların 68,8%-nin buna maddi imkanı çatmır, 21,4%-i sadəcə, buna lüzum görmür, 6,8%-nə icazə vermirlər, 1,5%-nin xarici pasportu yoxdur. Xaricə gedən respondentlərin 46,4%-i ezamiyyətə, 44,9%-i səyahətə, 4,3%-i müalicəyə, 2,9%-i dil öyrənməyə, 2,9%-i qohumlarla görüşməyə gedir. Onların cəmi 24,6%-i turist agentliklərinin xidmətindən istifadə edir, qalanları isə buna lüzum görmür. Ev almaq paytaxt sakinlərinin ən böyük problemi olaraq qalmaqdadır. Belə ki, respondentlərin 39,9%-i pulu məhz mənzil almaq üçün toplayır. 10,6% şəxsi problemini həll etmək, 9,4% biznes qurmaq, 7,4% xeyriyyəçilik etmək və c. məqsədlər üçün pul toplayır.
Bakı sakinləri tərəfindən ən çox izlənilən telekanallar ATV (33%) və ANS-dir (27,3%). Onların 63,3%-i ANS-in yaydığı xəbərlərə inandığını, 9,4%-i heç bir kanalın xəbərlərinə inanmadığını bildirib. 8,1% LİDER TV, 5,2% AzTV, 4,2% ATV, 3,7% İTV və 2,2% respondent isə xarici kanalların xəbərlərinə inanır.
Qeyd edək ki, PROCON GfK International Research GROUP bu sorğunu fevralın 1-20-də Bakı şəhərində yaşayan 406 respondent arasında keçirib. Telefon sorğusu metodu ilə sorğuya cəlb edilən respondentlərin 50,2%-i qadın, 49,8%-i isə kişi olub. Onların 46,3%-i ali, 34,7%-i ali-orta, 19%-i isə orta təhsilli, 63,1%-i evli, 33,5%-i subay, 3,4%-i isə duldur. Bu, PROCON GfK International Research GROUP-un paytaxt sakinlərinin həyat tərzinin öyrənilməsi ilə bağlı keçirdiyi sayca 3-cü sorğusudur. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR