Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul edib
# 02 aprel 2007 16:47 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Füzuli Ələkbərov və BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, F. Ələkbərov Azərbaycanda son illərdə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində nazirliyin gördüyü işlər barədə məlumat verib, bu məqsədlə hazırlanan və icra olunan proqramlardan danışıb. Nazir bir sıra rəqəmləri qonaqların diqqətinə çatdıraraq bildirib ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Dövlət tərəfindən onlara yemək xərci üçün verilən aylıq müavinətlərin məbləği 50 faiz artırılıb, 4740 ailə ünvanlı sosial yardım alır. İndiyədək 10450 fərdi ev tikilərək onların istifadəsinə verilib, 4179 ailə isə bu ilin sonunadək evlə təmin olunacaq. 2006-cı ildə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün 224 milyon manat vəsait sərf edilib ki, bunun da 27 milyonu müxtəlif beynəlxalq qurumlar tərəfindən ayrılıb. F. Ələkbərov vurğulayıb ki, əsas məqsəd qaçqın və məcburi köçkünləri yeni iş yerləri ilə təmin etməkdir. Cənab Kalin sadalanan faktların ürəkaçan olduğunu deyərək, Azərbaycanın bu yolda düzgün mövqe tutduğunu nəzərə çatdırıb. Qonaq xüsusilə vurğulayıb ki, insanları müavinətə öyrətmək yerinə işlə təmin edib cəmiyyətə faydalı etmək daha təqdirəlayiqdir. Görüş zamanı qonaqlar onları maraqlandıran suallara ətraflı cavab alıb, təqdim edəcəkləri hesabatın müsbət rəy alacağına ümid etdiklərini söyləyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR