Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda orta aylıq əmək haqqı 25,4% artıb

Yanvar-fevral aylarında Azərbaycanda orta aylıq əmək haqqı 25,4% artıb
# 03 aprel 2007 12:32 (UTC +04:00)
Cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 161,4 manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,4% çoxdur. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüksək orta aylıq əmək haqqı iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, tikintidə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində çalışan işçilərə məxsus olub.
Qeyd edək ki, müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 75,4 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə - 138,4 manat olub.
Xatırladaq ki, ölkə prezidentinin 22 yanvar 2007-ci il tarixli sərəncamına əsasən, əhalisinin rifahını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə minimum aylıq əmək haqqının məbləği fevralın 1-dən 50 manat səviyyəsində müəyyən edilib. Prezidentin yanvarda imzaladığı digər sərəncamlarla isə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və elmi-tədqiqat müəssisələrində (Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla), sosial təminat müəssisələrində, ekologiya, hidrometeorologiya, meşə, balıqçılıq, kənd, meliorasiya və su təsərrüfatı sahələrində, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan mülki işçilərin, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatları anbarlarında və ehtiyat idarəetmə məntəqələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 25%, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin vəzifə (tarif) maaşları fevralın 1-dən 50% artırılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR