Ombudsman BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul edib

Ombudsman BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul edib
# 03 aprel 2007 16:32 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E. Süleymanova Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, onların öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin 19 ildir davam etdiyini qonağın nəzərinə çatdırıb. O, V. Kalinə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və təmin olunması sahəsində həyata keçirilən ünvanlı proqramlar barədə ətraflı məlumat verib, Ombudsman təsisatında miqrantların, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə xüsusi müşavirin fəaliyyət göstərdiyini qeyd edib. Müvəkkil Bakıda “Hərbi münaqişələr və fövqəladə hallar şəraitində insan hüquqlarının təmin olunması və Ombudsmanın rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsini təklif etdiyini, bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət etdiyini söyləyərək bu işdə dəstək istəyib. BMT baş katibinin nümayəndəsi isə səfərdə məqsədinin məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əlaqələndirməni həyata keçirməkdən, dövlət, qeyri-hökumət təşkilatları və digər qurumlarla dialoqu davam etdirməkdən, məcburi köçkünlərin vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini artırmaqdan ibarət olduğunu vurğulayıb. O, çadır düşərgələrində doğulmuş və əsas insan hüquqlarından məhrum edilmiş uşaqların normal böyüməsi üçün sağlam mühitin yaradılmasının, stres keçirmiş uşaqların və yeniyetmələrin psixoloji cəhətdən düzgün formalaşdırılmasının vacibliyini qeyd edərək məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşda uşaqlar üçün tərbiyə kompleksləri və reabilitasiya mərkəzləri yaradılmasının, məktəblərin tədris vəsaitləri ilə təchiz olunmasının zəruriliyini bildirib.
Görüşdə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi V. Tol, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ölkəmizdəki proqram müşaviri T. Məlikaslanov və digər rəsmi şəxslər iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR