Bank Of Baku

Xaçmazın Çarxı inzibati ərazi vahidliyinin Xanlıqoba kəndində mal-qara və insanlar arasında brüselyoz xəstəliyinin yayıldığı bildirilir

Xaçmazın Çarxı inzibati ərazi vahidliyinin Xanlıqoba kəndində mal-qara və insanlar arasında brüselyoz xəstəliyinin yayıldığı bildirilir
# 03 iyul 2007 14:43 (UTC +04:00)
Xaçmazın Çarxı inzibati ərazi vahidliyinin Xanlıqoba kəndində mal-qara və insanlar arasında brüselyoz xəstəliyinin yayıldığı bildirilir. Bu barədə APA-nın şimal bürosuna Xanlıqoba sakini Həsənbala Qurbanov məlumat verib. Əvvəllər də Xanlıqobada mal-qara arasında brüselyoz xəstəliyinin olduğunu bildirən H.Qurbanov bildirib ki, kənd sakinlərindən də xəstəliyə yoluxanlar olub. Kənd sakini baytarlıq idarəsinin həkimlərinin brüselyoza tutulmuş mal-qaranın sayını gizlətdiklərini qeyd edib. Onun sözlərinə görə, belə heyvanlar bazarlara çıxarılır və diri çəkidə satılır.
Xaçmaz rayonunun baş baytarı Ağəli Ağabalayev isə APA-nın şimal bürosuna açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını deyib. A.Ağabalayevin sözlərinə görə, son beş ayda rayonun Çarxı və Yergüc ərazilərində cəmi yeddi baş brüselyoza yoluxmuş iri buynuzlu mal-qara qeydiyyata götürülüb. Bu ilin birinci yarısında isə qırx iki baş xırda buynuzlu mal-qarada brüselyoz xəstəliyi aşkarlanıb. A.Ağabalayev bildirib ki, Xaçmaz rayonu brüselyoz xəstəliyinə yoluxan mal-qaranın sayına görə respublikada axırıncı yerlərdə gedir: “Həsənbala Qurbanovun iki camışı xəstədir. Lakin o, xəstə heyvanları gizlədir. Əsas problem də bundan yaranıb”. Baytar həkimi qeyd edib ki, Nazirlər Kabinetinin “Brüselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi haqqında” 8 iyul 2002-ci il tarixli 104 saylı qərarı mövcud olsa da, indiyədək yerinə yetirilmir. Bu qərara əsasən yerlərdə xəstə mal-qaranı zərərsizləşdirmək üçün xüsusi müəssisə yaradılmalıdır. Xəstə heyvanın sahibinə dəyən ziyanın 65%-ni həmin müəssisə, 25%-ni dövlət ödəməli, qalan 10% isə tullantı kimi çıxdaş edilməlidir: “Problem həllini tapmadığı üçün baytarlıq idarəsi ilə xəstə heyvanların sahibləri arasında mübahisələr yaranır. Bu məsələ dəfələrlə qaldırılsa da, həllini tapmayıb”.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli qeyd olunan məsələ ilə bağlı araşdırma apardıqlarını desə də, günün sonuna qədər ondan hər hansı açıqlama gəlməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR