Bank Of Baku

Bakı Bədən Tərbiyəsi Texnikumunun bir qrup müəllimi texnikum üçün tikilmiş binanın Bakı Turizm İnstitutuna verilməsinə etiraz edir

Bakı Bədən Tərbiyəsi Texnikumunun bir qrup müəllimi texnikum üçün tikilmiş binanın Bakı Turizm İnstitutuna verilməsinə etiraz edir
# 16 iyul 2007 11:36 (UTC +04:00)
Bakı Bədən Tərbiyəsi Texnikumunun (2004-2006-cı illərdə Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci) bir qrup müəllimi texnikum üçün tikilmiş binanın Bakı Turizm İnstitutuna verilməsinə etiraz olaraq bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, texnikumun müəllimi Zakir Babayev bildirib ki, 1969-cu ildən fəaliyyət göstərən təhsil müəssisəsi 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv olunub və texnikum yalnız orada təhsil alan tələbələrin təhsili başa vurana kimi fəaliyyət göstərəcək. Z. Babayevin sözlərinə görə, 2000-ci ildə baş vermiş zəlzələdən sonra texnikumun Səməd Vurğun küçəsi-25 ünvanında yerləşən bina qəza vəziyyətinə düşüb. Buna görə də texnikum müvəqqəti olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının binasına köçürülüb. Lakin sonradan S. Vurğun küçəsində yerləşən ikimərtəbəli bina çoxmərtəbəli bina tikintisi üçün satılıb və Nazirlər Kabinetinin əmri ilə texnikuma Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllədə yeni binanın tikintisi başlanılıb. Z. Babayev binanın o zaman mövcud olan Gənclər, İdman və Turizm Nazirliyinin balansına verildiyini qeyd edib: “Lakin 2006-cı ildə Nazirlər Kabineti bizim üçün tikilən binanın Bakı Turizm İnstitutuna verilməsi barədə qərar qəbul etdi. Həmçinin qərara görə, Bakı Bədən Tərbiyəsi Texnikumunun Mingəçevir şöbəsi Mingəçevir Turizm Kolleci kimi fəaliyyətə başlamalı, bizim kollektiv isə Mingəçevir Turizm Kollecinin Bakı şöbəsi kimi fəaliyyətini tələbələr təhsilini başa vurana kimi davam etdirməlidir”. Z. Babayev 45 müəllimin hazırda az maaşla işlədiyini, tikilmiş binanın qeyri-qanuni olaraq əllərindən alındığını bildirib. Digər müəllim Sara Mahmudova S. Vurğun küçəsindəki binanın qeyri-qanuni olaraq özəlləşdirildiyini və satıldığını qeyd edib. Müəllimlər texnikumun fəaliyyətinin bərpa olunmasını, binanın geri qaytarılmasını tələb ediblər.
Mətbuat konfransında iştirak edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov isə S. Vurğun küçəsində yerləşən binanı həqiqətən də yararsız olduğunu qeyd edib. O, texnikumun müəllimlərinin işsiz qalması ilə bağlı iddiaların doğru olmadığını, onların həm rəhbərlik etdiyi Kollecdə, həm də Bakı Turizm İnstitutunda işə qəbul olunacağını bildirib: “Bu günə qədər artıq bir neçə müəllim və texniki işçilər işlə təmin olunublar”. Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov da səslənmiş ittihamların düzgün olmadığını, qeyri-qanuni addımın atılmadığını qeyd edib. Onun sözlərinə görə, bina instituta qanun çərçivəsində rəsmi qərarla verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR